“Medianın maddi durumun yaxşılaşmasına sevinirik, amma söz demək imkanları azalır ki, buna da təəssüflənirəm”
Bu gün ölkənin ilk internet saytlarından olan Qaynar.info saytının fəaliyyətə başlamasından 9 il ötür. Bu müddət ərzində saytın əldə etdiyi uğurlar və planları barədə məlumat almaq üçün Yenicag.az olaraq Qaynar.info-nun rəhbəri Zahir Əzəmətə
müraciət etdik. Onu da qeyd edək ki, bu gün həmçinin Z. Əzəmətin ad günüdür.
– Öncə sizi ad gününüz və Qaynar.info saytının fəaliyyətə başlaması günü münasibətilə təbrik edirik. Hər bir qurumun qarşıya qoyduğu planları olur. Bu mənada sizin qarşıdakı planlarınız nədən ibarətdir?
– Təbriklərə görə çox sağ olun. Qaynar.info artıq bu gün 9 yaşını qeyd edir. Bu illər ərzində uzun bir yol keçmişik. Artıq 9 yaşımıza hədiyyə olaraq saytın rus dili versiyasını da açdıq. Növbəti ad günümüz isə saytın yubiley ili, 10 illiyi olacaq. Bu da o deməkdir ki, artıq Azərbaycanın ən qocaman saytlarından birinə çevrilirik. 10 illiyimizlə bağlı istəyirik ki, informasiya məkanımızı bütün region üzrə genişləndirək, rus və ingilis dili məkanlara açılaq. Yəqin ki, yaxın aylarda saytın ingilis dili versiyasınında fəaliyyətə başlayacağını müşahidə edəcəksiniz. Həmçinin multimedia xidmətlərini genişləndirməyi, saytın video və foto funksiyalarını müasir tələblərə uyğunlaşdırmağı düşünürük. Bildiyiniz kimi Qaynar.info müstəqil bir saytdır, özü-özünü ayaqda saxlamağa çalışır. Maliyyə imkanlarımızı reklamlar hesabına genişləndirmək haqqında da düşünürük. Xarici şirkətlərlə bu barədə danışıqlar gedir, müqavilələr bağlanıb. Hesab edirəm ki, yubileyimizə doğru kifayət qədər yenilənmiş və bir qədər də möhkəmlənmiş formada çıxacağıq. Təbii ki, bütün bunlar texniki məsələlərdir. Bütün hallarda xəbər saytının qarşıya qoyduğu əsas hədəf doğru xəbər vermək, operativ və obyektiv olmaqdan keçir. Bu da bizim əsas şah prinsipimizdir və fəaliyyətimiz dövründə də buna əməl etməyə çalışırıq.
– Ötən 9 ildən nə kimi xatirələriniz yadda qalıb?
– Saytı yaradan ilk illərdə Azərbacanda barmaqla sayılacaq qədər xəbər saytları var idi. Uzun müddət demək olar ki, dizimiz üstündə bir notbukdan və könüllülərdən ibarət bir qrupla çalışdıq. Bu könüllülərin bir çoxunu şəxsən hətta tanımırdıq. O zamanlar sosial şəbəkələr Azərbaycanda məşhur deyildi. İnsanlar bir-birilə daha çox email üzərindən məktublaşırdı. Xaricdə oxuyan azərbaycanlı tələbələr bu istiqamətdə yardımlar edir, xəbərlər hazırlayırdılar. İşin ən maraqlı tərəfi o idi ki, boyük bir kollektiv formalaşmışdı, amma onların 90 faizi bir-birini tanımırdı. Yəni virtual sistem yaratmışdıq, xalq jurnalistikası deyilən sistem üzərində çalışırdıq. Zaman keçdikcə sistem daha da püxtələşdi. Həmçinin ağır günlərimiz də oldu. Bir müddət müəyyən mübahisəli məhkəmə məsələlərilə üz-üzə qaldıq. Amma əsas önəmlisi fəaliyyətimizi dayandırmamağa çalışmağımız oldu. Nə yaxşı ki, bunu bacardıq və bu günə gəlib çıxdıq.
– Mümkündürsə, Azərbaycan mətbuatının bu günkü durumunu da dəyərləndirərdiniz. Sizin fikrinizcə, mətbuat hansı durumdadır?
– Mətbuatın əsas problemi elə ölkədəki bütün problemlərə adekvatdır. Təbii ki, ölkədə olan çətinliklər mediada da hiss olunur. Bununla belə, hesab edirəm ki, Azərbaycan internet mediası Cənubi Qafqazda ən güclüdür. Sadəcə olaraq, problem kadr çatışmamazlığı və reklam bazarının yoxluğunda hiss olunur. Normalda on minlərlə oxucusu və ciddi bazara malik
olan saytlar böyük reklam kütləsinə malik olmalıdır. Amma təəssüf ki, hələlik bunu müşahidə etmirik. Bəlkə də şirkətlərin çoxu bunun nə demək olduğunu anlamır. Əslində internet reklamları istənilən televiziya verilişilə rəqabət apara biləcək gücdədir, burada qiymətlər televiziyada olduğundan on, bəzən əlli qat daha ucuzdur. Şirkətlər bunu dərk etsək, yəqin ki, reklam sahəsində də saytlar geniş uğurlar əldə edə bilərlər. Mətbuatın problemləri var və həmişə də olacaq. Bütün çətinliklərə rəğmən həyatdayıq və düşünürük ki, mövcud problemləri də aşacağıq. Yəni Azərbaycan internet
mediasında əsas problemlər reklam bazarı və kadr məsələsi və təhlükəsizliklə bağlıdır. Təhlikəsizlik sahəsində də ciddi fəaliyyətin olduğunu görmürəm. Dövlət bu işə qarışmalıdır. Qarabağda gedən proseslər də göstərdi ki, internet media informasiya əldə edilməsində mühüm bir həlqədir. Düşmənlərimiz ilk hücumu da məhz internet mediasına edib. Bu mənada dövlətin böyük dəstəyinə ehtiyac var ki, təhlikəsizliyimiz, servis toxunulmazlığımız qorunsun. Ümumiyyətlə, illər keçdikcə sanki medianın maddi durumun bir qədər yaxşılaşdığı hiss olunur. Buna sevinirik. Amma söz demək imkanları azalır ki, buna da təəssüflənirəm. Media cəmiyyətin güzgüsüdür. Onun söz demək imkanları nə qədər geniş olacaqsa, o qədər də problemlər daha qabarıq görünəcək. Deməli, bu halda yaranan problemlərin daha tez üzərinə gedib onun qısa zamanda həllinə də nail olmaq olar. 4-cü hakimiyyət nə qədər möhkəm olacaqsa dövlət də bir o qədər möhkəm olacaq. Medianın möhkəmliyi də onun maddi resursları, informasiya təhlükəsizliyi və azadlıq indeksilə bağlıdır. Hesab edirəm ki, buna da önəm vermək lazımdır.
ELÇİN/YENİCAG.AZ