Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən və “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş V Qlobal Bakı Forumu işini yekunlaşdırıb.
Yeniçağ.Az xəbər verir ki, forumun bağlanış mərasimində çıxış edən Latviyanın sabiq Prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri Vayra Vike-Frayberqa tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirərək Forumun ölkələrarası münasibətlərərin inkişafına öz töhfəsini verəcəyini qeyd edib.
Vayra Vike-Frayberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə göstərdiyi dəstəyi yüksək qiymətləndirib.
Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Mladen İvaniç deyib ki, iki gün davam edən Forumda müxtəlif mövzuları əhatə edən, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparılıb.
Mərasimdə çıxış edən Albaniya Respublikasının Prezidenti Buyar Nişani deyib ki, Forum artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrilib. Tədbirin uğurlarından məmnunluğunu bildirən Albaniya Prezidenti V Qlobal Bakı Forumunun gələcəkdə daha geniş coğrafiyanı əhatə edəcəyinə əminliyini ifadə edib. Dünyada səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda bir çox yerlərdə humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır. Bu məsələləri həlli baxımdan Bakıda keçirilən bu nüfuzlu tədbir qlobal münaqişələrin həllinə öz müsbət təsirini götərəcək. Cünki Azərbaycan digər ölkələrlə müqayisədə sülhməramlı misiyyanı həyata keçirir.
Latviya Respublikasının Prezidenti Raymonds Veyonis belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Latviya Prezident qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün belə forumlar ən yaxşı vasitədir, belə tədbirlər insanları birliyə, sülhə səsləyir.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumda aparılan müzakirələrin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər: “Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar”.
Bununla da iki gün davam edən V Qlobal Forum öz işini başa çatdırıb.
Yeniçağ.Az