V Qlobal Bakı Forumu çərçivəsində prezidentlərin iclası keçirilib

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə bu gün işinə başlayan V Qlobal Bakı Forumu rəsmi açılış mərasimindən sonra “Beynəlxalq münasibətlərin gələcəyi” mövzusunda iclasla davam edib. İclasda Latviya Prezidenti Raymonds Veyonis, Makedoniya Prezidenti Giorgi İvanov, Albaniya Prezidenti Buyar Nişani, Monteneqro Prezidenti Filip Vuyanoviç, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili, Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysal iştirak ediblər. İclasın moderatoru olan Misirin İsgəndəriyyə Kitabxanasının direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldin mühüm məsələlərin müzakirə edildiyi Forumun əhəmiyyətini xüsusi vurğulayıb.

Monteneqro Prezidenti Filip Vuyanoviç müasir dövrdə elmi-texniki tərəqqi nəticəsində insanların bütün imkanlardan yararlanaraq daha yaxşı yaşadıqlarını bildirib. Hazırda dünyanın bir sıra problemlərlə üzləşdiyini deyən Prezident Filip Vuyanoviç qeyd edib ki, insanlıq terrorizm kimi ciddi bəla ilə üzləşib, günahsız insanların həyatına son qoyulur. Aclıq və digər problemlər səbəbindən demokratiyaya ciddi zərbə vurulur.

Bu problemlərin qarşısının anılmasında beynəlxalq səviyyədə səylərin və güclərin birləşdirilməsininəhəmiyyətini diqqətə çatdıran dövlət başçısı bildirib ki, yalnız bu halda beynəlxalq münasibətlər daha yaxşı inkişaf edəcək. İnteqrasiya ümumi rifahın inkişafına töhfə verir. Monteneqro da bu siyasəti əsas tutur və ümid edir ki, bölgə üçün yaxşı nümunə olacaq.

Makedoniya Prezidenti George İvanov hazırkı dövrdə mövcud problemlərin dərindən öyrənilməsinin gələcəyin daha dəqiq proqnozlaşdırılması baxımından önəmini vurğulayaraq bildirib: “Hazırkı dövr biz insanlar üçün çox təhlükəlidir.Çünki biz terrorçuların olduğu dövrdə yaşayırıq. Bu insanlar yalan xəbərlər yayır, geniş təbliğat işləri apararaq əhali arasındaqorxu hissi yaradırlar.Məhz bunun nəticəsidir ki, bu proses hazırda ən yüksək səviyyəyə çatıb. Əslində, biz yeni dünyanın doğuluşu ərəfəsindəyik. Biz indiyədək qorxu ilə yaşamışıq. Lakin bundan sonra ümidlə yanaşmalıyıq ki, yeni dünya doğulur”.

Yeni dünya nizamının çoxqütblü olacağını vurğulayan Makedoniya Prezidenti bildirib ki, vahid cəmiyyət, vahid mədəniyyət olmayacaq. Buna görə də müxtəlif mədəniyyətlər və millərlər arasında dialoqu təşviq etməli, müxtəlifliyə hörmətlə yanaşmalıyıq. Makedoniya da bu sahədə Azərbaycan kimi hərəkət edir və inteqrasiya yolunu seçib.
Albaniya Prezidenti Buyar Nişani bildirib ki, ölkəsi kiçik olsa da digər xalqların və ölkələrin inkişafına da öz töhfəsini verib. Kommunizmin süqutundan sonra Albaniyanın sürətlə inkişaf etdiyini, etibarlı tərəfdaş olduğunu deyən dövlət başçısı bildirib ki, yerləşdiyimiz region böyük imkanlar məkanıdır və bu imkanlardan səmərəli istifadə edilməlidir: “Biz müharibələr, problemlərlə üzləşməyimiz baxmayaraq, yeni reallığaayaq uyduraraq, qarşılıqlı hörmət prinsipləri əsasında inkişaf edirik. Biz eyni regionda yaşadığımız üçün birgə məqsədlərə nail olmağa çalışmalıyıq. Biz inanırıq ki, Avropaya inteqrasiya yeganə yoldur və bu istiqamətdə çalışmalıyıq. Bizim üçün başqa alternativ yoxdur. Bu, bir prosesdir və müəyyən müddətdən sonra biz bu ailənin üzvü olacağıq”.

Albaniyanın zəngin təbii sərvətlərə, bol su ehtiyatlarına, yaxşı iqlimə və sahil zonasına malik olduğunu vurğulayan Prezident Buyar Nişani bildirib ki, biz bu sərvətlərdən istifadə edə və qonşu dövlətlərlə əməkdaşlığı dərinləşdirə bilərik. Sərmayədarları cəlb edə bilərik ki, layihələri uğurla icra edək. Biz sülhü və sabitliyi təmin etmək və inkişaf etməkdə yaxşı nümunə olacağıq. Yaxşı liderlər bizim dünyanı daha yaxşı dünyaya aparacaqlar, amma insanlarla açıq və səmimi münasibət lazımdır”.

Son illər dünyada gərginliklərin və münaqişələrin daha da artdığını qeyd edən Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili deyib ki, otuz il əvvələ qayıtsaq və dünyanın gələcəyi barədə düşüncələrimizi xatırlasaq, o zaman düşüncələrimizin daha nikbin olduğunu görərik:“Həmin dövrdə insanlar “soyuq müharibə”nin sonunda daha çox imkanların yaranacağına, sülh və əməkdaşlığın dərinləşəcəyinə ümidləri böyük idi. Amma bu gün elə bir dünyanın şahidiyik ki, bu dünyada terrorizm, qırğınlar, müharibələr baş verir”.

Gürcüstanın qlobal təhlükəsizlik və sabitlik prosesinin tərəfdaşı olduğunu diqqətə çatdıran Prezident Giorgi Marqvelaşvili bildirib ki, biz beynəlxalq əməkdaşlığa inanırıq. Bu qloballaşan dünya sülhə və sabitliyə gətirib çıxaracaq. Biz Əfqanıstanda və Afrikada sülhyaratma missiyalarında iştirak edirik. Bizim ölkə qlobal təhlükəsizliyə töhfə versə də, özü bundan əziyyət çəkir.

Prezident Giorgi Marqvelaşvili vurğulayıb ki, Gürcüstan Azərbaycana və Türkiyəyə açıq tərəfdaşlıq təklif edir və gələcək inkişaf layihələrinə hazırdır.

“Təəssüf ki, biz təhlükəsiz və sabit dünyada yaşamırıq”, -deyən Latviya Prezidenti Raymonds Veyonis qeyd tdib ki, hazırda davam edən münaqişələr, böhranlar nəticəsində beynəlxalq münasibətlər kəskin dəyişib. Mövcud münaqişələrin beynəlxalq sülhə və sabitliyə ciddi təhlükə törətdiyini vurğulayan Raymond Veyonis əlavə edib ki, biz beynəlxalq münasibətləri sabitləşdirmək üçün qlobal səviyyədə fəaliyyətlərin həyata keçirilməsi baxımından ən uyğun platforma olan BMT-nin fəaliyyətini daha da təkmilləşdirməli və gücləndirməli, onun dəyərini artırmalıyıq. BMT qlobal səviyyədə təhlükəsizlik və müdafiənin, iqtisadi və sosial səviyyədə əməkdaşlığın, insan hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Avropanın təhlükəsizliklə bağlı problemlərdən sığortalanmadığını vurğulayan Latviya Prezidenti bildirib ki, Avratlantik məkan da bir sıra problemlərlə üzləşir. Biz ekstremizmin, korrupsiyanın, insan hüquqlarının pozulmasının ağır fəsadlarını görürük. Bu, xüsusilə Şimali Afrikada və Yaxın Şərqdə daha çox baş verir.
Münaqişələrin qısa müddətdə və ədalətli həlli ilə bağlı BMT-nin qətnamələrinin mümkün qədər tez icra olunmasının vacibliyini bildirən Prezident Raymonds Veyonis deyib ki, Latviya münaqişələrin sülh, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyü prinsipləri əsasında həll olunmasını dəstəklədiyir. “Münaqişələrin həlli Avropa üçün də çox vacibdir. Bunun üçün həm də güclü siyasi iradə də tələb olunur. Hazırda dünyada baş verən böhranlar, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Gürcüstan, Ukrayna və Moldovadakı münaqişələr tezliklə sülh yolu ilə həll edilməlidir”.

Səudiyyə Ərəbistanı Şahzadəsi, Kral Faysal Araşdırma və İslami Çalışmalar Mərkəzinin sədri Turki əl-Faysalisə bildirib ki, dünyada mövcud problemlər hazırda ciddi geosiyasi risklərə gətirib çıxarıb, yeni böhranlar yaranır, gərginliklər daha da dərinləşir: “Bu, həm də o səbəbdən baş verir ki, mötəbər beynəlxalq qurumlar öz vəzifələrini lazımınca yerinə yetirə bilmir. İkinci Dünya müharibəsinin qaliblərinin baxışı dünyaya sülh gətirmək idi. Lakin risklərin qarşısının alınması üçün vaxtında və lazımi səviyyədə addımların atılmaması ciddi problemlər doğurub.Qloballaşan dünyanınİkinci Dünya müharibəsi dövründəkindən çox fərqli olmasına baxmayaraq, dünya hazırda “soyuq müharibə”illərində olduğu kimi idarə edilir”.

Turki əl-Faysal bildirib ki, Suriya böhranının, Fələstin probleminin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, dünyanın aparıcı dövlətlərinin bu məsələlərin həllinə istəksiz və laqeyd yanaşmaları hazırkı ağır nəticələrə gətirib çıxarıb:“Buna görə də dünyadan, xüsusən mötəbər beynəlxalq təşkilatlardan, o cümlədən BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən yeni yanaşmalar tələb olunmalıdır. Çünki hazırkı format və yanaşmalar dayanıqlı sülhün və asayişin bərqərar olması, yaşadığımız cəmiyyətlərin, bəşəriyyətin üzləşdiyi çətinliklərin öhdəsindən gəlmək üçün kifayət etmir. Buna görə də BMT Təhlükəsizlik Şurasının beş daimi üzvlərinin vəzifələrinə yenidən baxılmalıdır ki, onlar münaqişələrin həllinə nail ola bilsinlər. Bu baxımdan dünya liderləri bir araya gəlməlidirlər. Biz hamımız eyni sivilizasiyada yaşayırıq. Ona görə də sivilizasiyaların münaqişəsinə deyil, barışığına nail olmalı, yaşadığımız dünyanı daha da gözəlləşdirməliyik”.
Çıxışlardan sonra mövzu ətrafında müzakirələr aparılıb, auditoriyanın sualları cavablandırılıb.

Forum işini davam etdirir.

Yeniçağ.az