V Xəzər Sammiti nədən önəmliydi?

Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzərin statusunu müəyyənləşdirən Sammit nəhayətki baş tutdu. Sammitin yekununda 5 Xəzəryanı dövlətin başçıları tərəfindən dənizin hüquqi statusunu müəyyən edəcək Konvensiyanın imzalanması 22 il davam edən müzakirələrə son qoydu.

Sammitin gündəliyinə üş əsas məsələ daxil edilmişdi: Su hövzəsinin hüquqi statusu, Xəzərdə əməkdaşlıq , regional və qlobal təhlükəsizlik məsələləri Sammitdə müzakirə mövzusu idi.

Bununla yanaşı, iqtisadiyyat, nəqliyyat, ekologiya və bioresursların qorunması, təhlükəsizlik mövzuları diqqət mərkəzində olaraq, müzakirə mövzularından idi.

Xəzər dənizinin hüquqi statusunu təsbit edən yeni beynəlxalq Konvensiya ümumilikdə 24 maddədən ibarətdir. Sənəddə ərazi suları, dəniz sərhədləri, dənizin dibinin bölgüsü, naviqasiya qaydaları, balıq ovu hüquqları, ətraf mühitin qorunması, dəniz elmi tədqiqatları, hərbi əməkdaşlıq məsələləri, dənizin sərvətlərindən istifadə və başqa məqamların tənzimlənməsi yer alır. Konvensiyanın imzalanmasına qlobal miqyasda böyük maraq var idi .Dünyanın müxtəlif ölkələrindən xeyli sayda jurnalist sammitin gedişini izləyirdi. Əlbətdəki bu , həm də Xəzərin yerləşdiyi geopolitik mövqe ilə bağlıdır. Çünki Xəzər adi su hövzəsi hesab olunmur. Onun dibində milyardlarla barrel neft və trilyonlarla kibmetr təsdiqlənmiş qaz ehtiyatları var.

Əslində, Xəzərin statusuna görə mübahisələrin bu qədər uzun müddət sürməsinin əsas səbəbi də elə bu hesab olunur. İllərlə davam edən müzakirələr zamanı ən mübahisəli məqam Xəzərin göl və ya dəniz olması ilə bağlı idi. Çünki bu amil onun statusunun müəyyənləşməsində və bölgüsündə həlledici faktor idi. Xəzərin göl kimi qəbul olunması onun 5 sahil dövləti arasında bərabər bölüşdürülməsini tələb edirdi. Bu gün imzalanan Konvensiyaya görə 5 sahilyanı dövlət Xəzərin dəniz olması barədə ortaq razılıq əldə etdilər.

Su hövsəsinin dəniz olaraq qəbul edilməsi o deməkdir ki, hər bir ölkənin payına dənizin orta xətti ilə müəyyənləşən sektorlar düşəcək. Danışıqların əvvəlindən Azərbaycanın tutuduğu mövqe də elə bundan ibarət idi.

Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilərlər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir. Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər Kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi TransXəzər Kəmərinə ciddi maneə törədirdi.

İmzalanmış bu Konvensiyaya görə sahil dövlətləri öz sektorlarında baş verən texnogen qəzalara görə birbaşa məsuliyyət öhdəliyi də götürürlər.

Razılaşmaya əsasən, Xəzərdə yalnız sahil ölkələrinin hərbi dəniz donanmaları ola bilər.

Sammit çərçivəsində mütəşəkkil cinayətkarlıq, terrorizmlə mübarizə və sərhəd qurumlarının qarşılıqlı fəaliyyətinə dair üç əlavə protokol da imzalanıb.

Beləliklə, 22 il davam edən müzakirələr tarixi sənədin – Xəzərin statusunu müəyyənləşdirən Konvensiyanın imzalanması ilə başa çatdı. Bu Xəzər regionunda sabitliyi təmin etməklə yanaşı, Azərbaycanın beynəlxalq tranzit ölkəsi rolunu daha da gücləndirirərək , iqtisadi qüdrətini dahada artıracaq.

Rufiz Qonaqov

COP29