Vahid Əhmədovun Zakir Həsənovla bağlı fikirlərinə etirazlar davam edir

Demokratik İslahatlar Partiyasının sədri, deputat Asim Mollazadə deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə Nazirliyinin rəhbərliyi barədə səsləndirdiyi əsassız fikirlərə etirazını bildirib.

Yenicag.az xəbər verir ki, A.Mollazadə Editor.az-a açıqlamasında deyib ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun peşə fəaliyyətini yüksək qiymətləndirir.

“Deputatların fikirlərini şərh etmək fikrim yoxdur. Ancaq Zakir Həsənovun fəaliyyətinə qiymət verə bilərəm. Onu deyə bilərəm ki, onun iş fəaliyyətini yüksək qiymətləndirirəm. Zakir Həsənov Azərbaycanın Silahlı Qüvvələrinin gücləndirilməsi istiqamətində lazımi işlər görüb. Azərbaycan Ordusu günbəgün güclənir, bu, göz qabağındadır. Ordumuz yeni müasir silahlarla təmin edilir”.

Qeyd edək ki, deputat Vahid Əhmədovun Milli Məclisin mayın 31-də keçirilən iclasında Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov barədə səsassız fikirlər söyləyib. Deputatın həmin fikirləri cəmiyyətdə narazılığa səbəb olub.

Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, sədrin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli, Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı da parlamentin iclasında V.Əhmədovun fikirlərinə sərt etiraz bildiriblər.