“Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi ən nəhəng, ən böyük, fenomen şəxsiyyətlərindən olan ulu öndər Heydər Əliyev Allahın Azərbaycan xalqına bir lütfüdür”.
Bu sözləri Yenicag.az-a açıqlamasında Ümummilli Lider Heydər Əliyevin doğum günündə Xalq şairi Vahid Əziz deyib.
Dahi şəxsiyyətin misilsiz xidmətlərindən bəhs edən Xalq şairi Ulu Öndərlə eyni dövrdə yaşadığı üçün özünü xoşbəxt saydığını deyib:
“Dahi şəxsiyyət mənim də həyatımda işıq yanıdırıb. Xoşbəxtəm ki, belə bir dahi şəxsiyyətin dövründə yaşamışam, çalışmışam, onun diqqət, qayğısını görmüşəm. Mən Heydər Əliyevdən insanlara diqqət-qayğı göstərməyi, Vətənə sonsuz sevgini, Azərbaycançılığı, dilimizə, dövlətçiliyimizə hörməti öyrənmişəm.
Heydər Əliyev çağdaş, müstəqil və dünyanın ən təhlükəsiz bölgələrindən biri olan Azərbaycanın yaradıcısı və qurucusudur.
Ulu Öndərin ruhu şaddır. Çünki onun varisi və layiqli davamçısı Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan bu gün qüdrətli dövlətə çevrilib. Azərbaycan öz qəti qələbəsini əldə edib. Xoşbəxtəm ki, zəfər çalmış qalib ölkənin şairiyəm. Bu xoş gündə Ulu Öndərə həsr etdiyim “Heydərdən öyrəndim bu ləyaqəti…” şeirimi oxucularınızla bölüşürəm:
Ölçüsü bilinməz bu səadətin,
Öndərim, dünyaya vaxtında gəldin,
var ol, Ulu Tanrım, var ol, Millətim,
var ol ki, Heydəri qoruya bildin!
Satqınlıq, iftira, dost xəyanəti…
Heydər bu dünyada nələr görmədi!
Heydərdən öyrəndim bu ləyaqəti-
namərd ayağına mərdi vermədi!
Çağdaş Azərbaycan ölməz əsəri,
Vətənə məhəbbət tək amalıydı.
Heydər – öz Yurdunun sadiq əsgəri,
Türkün ən qüdrətli Generalıydı!
O qədər doğmadı xatirələri,
sönməyən Günəşdi, odlu çıraqdı.
Güc verər hər kəsə nurlu əlləri,
Heydərin ruhu da xalqa dayaqdı…
Cəvahir