Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Vaksinasiya məcburiyyətinə qarşı məhkəmə iddialarının perspektivi ola bilər” – Tanınmış vəkildən ŞƏRH

“Peyvənd olunmayan vətəndaşlara işə, restorana, başqa məkanlara getməyə icazə verilmirsə, bu artıq məcburiyyətdir”.

Bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 əleyhinə peyvənd olunmayan vətəndaşlara yönəlik tətbiq etdiyi məhdudiyyətlərə dair qaldırıla biləcək fərdi və ya kollektiv iddiaların məhkəmə perspektivini dəyərləndirən vəkil İradə Cavadova Yenicag.az-a açıqlamasında deyib.

İradə Cavadovanın sözlərinə görə, Operativ Qərargahın vaksinasiya ilə bağlı qərarlarındakı ziddiyyətlər cəmiyyətdə gərginlik yaradır:

“Əslində, qanunvericilikdə vaksinasiya ilə bağlı məcburiyyət yoxdur, bu, könüllü xarakter daşıyır. Çox qəribədir ki, Operativ Qərargahın konkret qərarının bir bəndində vaksinasiyanın könüllü olduğu qeyd edilsə də, digər bəndində isə bunun dolayısı ilə məcburi olduğu göstərilib. Bu artıq ziddiyyət təşkil edir.

Əgər vaksinasiya könüllüdürsə, burada qərarı vətəndaşların özləri verməlidir. Peyvənd olunmayan vətəndaşlara işə, restorana, başqa məkanlara getməyə icazə verilmirsə, bu artıq məcburiyyətdir. Hətta dövlət qurumlarında işləyən insanlar üçün vəziyyət daha da kritikdir. Onların qarşısına tələb qoyulur ki, ya vaksin vurdurmalısan, ya da ərizə yazıb işdən çıxmalısan. Bu da əlbəttə ki, düzgün deyil.

Çünki insanların psixoloji baxımdan məhz məcburiyyətə qarşı olan təpkiləri üzə çıxır ki, bu iş könüllüdürsə, niyə bizi buna məcbur edirlər? Bildiyiniz kimi, allergiyası olan, südəmər körpəsi olan qadınlar peyvənd olunmaqdan ehtiyatlanırlar. Axı peyvənd bir çox insanlara qızdırma verir, hərarətləri üç gün düşmür. Belə bir vəziyyətdə olan ana öz körpəsinə necə süd versin? Olmaz axı… Belə çıxır, körpə üç gün ac qalmalıdır?

Fikrimcə, əgər vaksinasiya, doğrudan da könüllülük prinsipinə əsaslansaydı, insanların çoxu öz iradəsi ilə peyvənd olunardı. Amma vaksinasiya məhz məcburi olduğu üçün insanlar bundan yayınmağın müxtəlif yollarını axtarırlar. Düşünürlər ki, bir doza peyvənd olunsam da, ikinci dozanı vurdurmayım və sair. Bu zaman insanların qorxu və həyəcan hissi də artır.

Bəli, hesab edirəm ki, vaksinasiya məcburiyyətinə qarşı məhkəmə iddialarının perspektivi ola bilər. İnsanlar vaksinasiyanın könüllü olduğunu əsas götürərək bundan imtina məqsədilə məhkəməyə müraciət edərlərsə, bunun perspektivi var.

Amma dövlət qurumlarında işləyən insanların bu məsələdə əl-qolu bağlı olacaq. Çünki orada artıq xoşagəlməz hadisələr baş verəcək, insanlar iş yerlərini itirməmək qorxusu ilə məhkəməyə müraciət etməkdən çəkinəcəklər.

Mediada vaksinasiya ilə bağlı müxtəlif neqativ məzmunlu məlumatlar yayılır. Yəni vaksinin düzgün hazırlanmaması, vaxtının keçməsi, mutasiyaya uğramış yeni ştamma heç bir təsir etməməsi, bir çox insanda ciddi fəsadlar yaratması, peyvənd olunduqdan sonra ağır xəstəlik keçirilməsi ilə bağlı informasiyalarla qarşılaşırıq. Dediyim kimi, belə hallar insanlarda qorxu hissini daha da artırır”.

A.Zeynalov

www.yenicag.az

307
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100