“Valideyn şagirdi məktəbdən ayırır…” – İttihamlara cavab verildi

Mirzəli Murquzovla Turan Baştürkün müsahibəsinə münasibəti

Əvvəlcə Turan Baştürkə,

Dost, hər qələm tutub, kağız götürən jurnalist deyil, sən belələrindənsən.

Sübut: müxafilətdə də olsan, sənin suallarından bilinir ki, sən Cəfər Cəfərovun əleyhinə Murquzovdan cavab almağa həvəslisən. Əsl jurnalistdə bu bilinmir.

Mən Murquzovla eyni ildən bu ali məktəbin əməkdaşıyıq. Onun fəaliyyəti mənim, mənim də fəaliyyətimə onun şahidlik etməsi təəccüblü görünməz.

Çoxlu titullara sahib olan Murquzov, himayədarlarınız olmadan bunlara sahib olardınızmı?

Bu adlar, bu titullar sizin haqqınız idimi? Əgər haqqdan, düzlükdən bəhs ediriksə, nə əcəb layiq olmadığınız bu titullardan imtina etmədiniz?

Siz dekan kimi hansı diqqət çəkən işlər görmüsünüz?

1. Dərslik yazmaqla oturuşmuş ənənəvi sistemi pozmusunuz. K.D.Uşinski tədrisdə sistemliliyi əsas götürürdü. Siz isə buna əməl etməmisiniz.

2. Çox mürəkkəb və çətin olan missiyanı öz üzərinizə götürəndə, özünüz kimi səriştəsiz adamları ətrafınıza cəlb etməklə tədrisə nə qədər ziyan vurduğunuzun fərqindəsinizmi?

3. Təhsil şurasının (bir yerdə özünüzü sədr, digər yerdə müavin kimi qələmə verirsiniz) rəhbəri kimi testin tədbiqi ilə qəbulun pərakəndə çoxalacağını, tədrisin isə məzmunca bataqlığa düşəcəyini bilmirdinizmi? Rüşvətin, tanışlığın hesabına qəbulun aparılmasına qarşı çıxıb, düşünülmüş tədbir görmək əvəzinə testin tədbiqi ilə repititorluğa (fərdi müəllim yanına getməyə) yol açdınız.

a) Valideyin şagirdi məktəbdən ayırır (formal) hər ay repititora ən azı 20-30 manat verməli olur. Bu əvvəlcədən 5-ci sinifdən başlayırdı, indi birinci sinifdən başlayır. Təcrübəli, orden-medallı bir təhsil işçisi kimi hesabladınızmı 11-ci sinifi qurtarana qədər valideyn bir şagird üçün nə qədər pul ödəməlidir. Fikrimcə, əvvəlcə verilən rüşvət qədər və bundan çox. Möhtərəm təhsil şurası buna qarşı tədbir gördünüzmü?

b) Testin tətbiqi ilə həkim olmaq istəyən müəllim olur, müəllim olmaq istəyən həkim olur. Fərqindəsinizmi bunların heç biri lazımı səviyyədə mütəxəssis olmur. Kütləvi diplomlaşma başlayır. Belə çıxır ki, adi bağa baxanın, pambıq, bostan əkənin ali təhsil haqqında diplomu olmalıdır?
Möhtərəm təhsil şurasının rəhbərlərindən biri kimi aidiyyəti orqanlara əsaslandırılmış qaydada bu məsələni çatdırıb, onun həlli yollarını aydınlaşdırdınızmı? Təhsil şurasının üzvləri kimi regionlarda olub, maarif orqanları və valideynlərlə işi apardınızmı, onlara uşaqları ilə iş aparmaq üsullarını öyrətdinizmi?

4. Təqdim etdiyiniz dərsliklərə dair regionların mənfi rəyi sizdə heç bir fikir yaratmadımı? Dərslik məsələsi qalxanda səriştəli təhsil işçiləri təklif etdilər ki, fizika və kimya dərslikləri, həndəsə, cəbr dərslikləri müəllif tərcüməsi ilə əvvəlki dərsliklər əsasında işlənilsin. Siz isə müəllif qonararı almaq məqsədi ilə milli dərslik yaratmağı israr etdiniz. Heç şübhə yoxdur ki, himayədarlarınız sayəyəsində bunu etdiniz və layiq olmadığınız qonorarı da aldınız.

Mənfi nəticəsini də yüzlərlə fizika müəllimindən eşitmisiniz.

5. Tələbəlik dövründən Tanrı bilir ki, siz üzdə olan tələbə də deyildiniz. Nə isə. Müdafiə işiniz fizikanın yarımkeçiricilər sahəsindəndir. Özünüz də yaxşı bilirsiniz ki, yarımkeçiricilər SSRİ dövründən Azərbaycanda birinci yerdə olub. Nə əcəb burada tədqiqat işi aparıb, elmi ad almağa həvəs göstərmədiniz? Axı siz əməkdarlığı, orden–medalı, kitab müəllifliyini, aldığınız bütün titulları burada əldə etmisiniz!

Cəfər Cəfərovun məqsədi yaxşı kadrlar yox, yaxşı keyfiyyət yox, elmdə və tədrisdə yaxşı və yeni məzmun yox, təhsilin səviyyəsini qaldırmaq deyil deyirsiniz. Yəqin yaddaşınızda da problemlər əmələ gəlib. Axı, sizin rəhbərliyiniz dövründə, elmə təhsilə “misilsiz” xidmətləriniz dövründə Fizika bakalavr ixtisası, “yarımkeçiricilər fizikası” və “molekulyar fizika” magistr ixtisasları fakültənin qəbul planından çıxardıldı, “fizika müəllimliyi” ixtisasının qəbul planı əhəmiyyyətli dərəcədə azaldıldı. Budurmu sizin təhsilə xidmətiniz?

Mirzəli Murquzov, mərhum bəstəkar Ələkbər Tağıyev öz gözündə tiri görməyib, başqasında tük axtaranlara aid olan bir mahnı bəstələyib: “İnsaf da yaxşı şeydir”. Eşitməmiş deyilsiz.

Cəfər müəllimin işləri göz qarşısındadır, zəhmət çəkib universitetə gələnlər bunu görürlər. Sizə də məsləhət bilərdim. Mən öz fikrimi indi yox, keçən il oktyabr ayının 4-də Beynəlxalq müəllimlər günündə söyləmişəm, bu fikrim televiziya ilə yayımlanıb və Youtubda yerləşdirilib. Cəfər müəllim Allah adamıdır, çox iş görüb. Ancaq vaxtilə sizin adınızın Abasqulu Abbaszadə ilə birgə çəkməsini mən də qəbul etmirəm. Gərək həmin anda siz bildirəydiniz ki, “Cəfər müəllim, sizə səhv məlumat veriblər, mənim Abbaszadəyə çatmağıma bir ömür lazımdır”.

Mirzəli müəllim siz rektorun universitet kollektivi ilə ilk görüşündə onun 3 fikrindən narazı qalmısınız:

1. “Fizika elmi xeyir gətirmirsə o kimə lazımdır”?
Siz onun fikirlərini öz cılız məqsədiniz üçün təhrif edirsiniz. Amma lap elə deyilibsə, məgər du fikir səhvdirmi? Vaxtilə SSRİ akademiklərindən biri, ixtisasca zooloq milçəyin inkişaf mərhələsi barədə çıxış edib. Stalin ona bildirmişdi ki, sizin o milçək nəyə lazım olacaq? Məgər bundan daha faydalı Gəncə Kənd Təsərrüfatı İnstitutunun aqronomunun “Kartofun cütləşdirilməsi ilə onun məhsuldarlığının artırılması” adlı tədqiqatı daha əhəmiyyətli deyilmi? Bəli, hər bir alim bilməlidir ki, onun tədqiqatından cəmiyyət nə fayda görəcək? Elmi məhsuldar qüvvəyə çevirən ölkə güclü ölkədir. Rektor da buna işarə edirdi ki, fizika sahəsində tədqiqatlar ölkədə fayda verməlidir.

2. Rektorun sizə “xoş gəlməyən” ikinci fikri də tamamilə doğru fikirdir. Siz milli dərslik “yaratdınız”, fizika müəllimləri və şagirdlər bunu bəyəndilərmi? Normal müəllim kimi fəaliyyəti olmayanları müəllim qrupuna daxil etməkdə məqsədiniz bu idi ki, siz nə desəniz onlar ləbbeh etsinlər.

Lakin siz bilməli idiniz ki, o dövrdəki “Fizika” dərsliyinin müəllifləri Sokolov, Pyorişkin hər biri ən azı 30 il orta məktəb müəllimləri olmuşlar.

Mən bunu aspirant olan vaxt Moskva V.İ.Lenin adına Pedaqoji İnstitutun fizika tədrisi metodikası kafedrasının müdiri, orta məktəb fizika dərsliklərinin müəllifi A.V.Pyorışkinin özündən eşitmişəm.

3. Rektorun 3-cü fikri: hərəkəti, eşitməsi, sağlamlığı tədris apara bilməyənlərə aid idi.
Mirzəli Murquzov sizə kim haqq verib ki, deyəsiniz “Hazırda ADPU pedaqoji universitet statusunu itirmək təhlükəsi ilə üzləşmişdir”. Sizin getməyinizləmi?

Mirzəli müəllim narahat olmayın, bu təhsil məbədi bizi kimiləri 100 ildir ki, yola salır. Çox şükür ki, bizi yola saldıqca, cavanlaşır.

Cavanlıqdan söz düşmüşkən,

Sizdən sonrakı dekan Arzu Daşdəmirov fakültədə çox işlər görüb, təşkilatçılığı, elmi də göz önündədir. Sizin 20 illik dekanlıq fəaliyyətinizdə (fəaliyyətsizliyinizdə) edə bilmədiklərinizi, dedi-qodu yuvasına çevirdiyiniz fakültəni ADPU-da ilklər sırasına çıxarmağını, işgüzar elmi və tədris mühiti yaratmağını alqışlamaq yerinə, yaşınıza yaraşmayan böhtan və iftiralarla gözdən salmaq cəhdiniz baş ucalığı gətirmir.

Siz öz müəlliminiz Abbaszadəyə auditoriya, adi bir guşə yarada bilmədiniz 20 illik dekanlığınız dövründə, ancaq f-r.e.n. dos. Arzu Daşdəmirov gəldiyi qısa bir vaxtda Həsən Abdullayev, Abasqulu Abbaszadə auditoriyalarını yaratmağa, dəhlizlərdə alimlərin həyatına dair stendlər yerləşdirməyə nail olub. Yəqin qeyd etmədiyim digər çoxsaylı işləri haqqında da hər gün ətraflı məlumat alırsınız.

Mən bütün yaşlı nəslə müraciət edirəm:
Gəlin işləyənlərə paxıllıq edib, maneə olmayaq.
Universitet rəhbərliyinə isə demək istəyirəm ki,
Sizi istəməyənlər sizə çamur atsa da, təmizlik çamur götürmür, çəkinməyin işinizi davam etdirin!
Əks tərəf o zaman hiddətlənir ki, qarşı tərəf düz yoldadır!

Fizikanın tədrisi metodikası kafedrasının dosenti Tacəddin Vahidov