Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Valideynim xəstədir, 14 yaşım yoxdur, dərmanı kim alsın? - Deputatdan cavab

“14 yaşlı birinin aptekdən dərman alması zamanı anlaşılmaz bir vəziyyət baş verərsə, həmin şəxs yaşını isbat etmək üçün şəxsiyyət vəsiqəsini təqdim edəcək”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin səhiyyə komitəsinin üzvü, millət vəkili Kamilə Əliyeva deyib. O, 14 yaşı tamam olmamış şəxslərə dərman satışının qadağan edilməsi haqqında danışıb. Bildirib ki, tək övlad sahibi olan və yaşının az olması səbəbindən aptekə göndərə biləcəyi adamı olmayan şəxslər qonşularına, qohum-əqrabasına müraciət edə bilər:

“Ola bilər ki, xəstə durumda olan valideynin yalnız bir övladı var və onun da yaşı 14-dən azdır. Deyə bilərsiniz ki, bəs xəstənin dərmanlarını kim alacaq? Bu vəziyyətin məsələyə heç bir aidiyyatı yoxdur. Belə olduqda həmin şəxs yaxınına, qonşusuna və yaxud yaşı böyük olan digər bir şəxsə müraciət edə bilər. Amma 14 yaşı tamam olmamış şəxslərə dərman satışı qəti qadağandır. Yəni, “tək övladım var və ondan başqa da aptekə getməyə adam yoxdur” ifadəsi səbəb deyil. Deyə bilərəm ki, bu mütləq və çox gözəl bir qanundur. Çünki yaşı 14-dən aşağı olan şəxs nə bilir ki, aldığı dərman nədir və nə üçün istifadə edilir? Bilməyərəkdən həmin dərmanı qəbul edər və o da ciddi fəsadların yaranmasına gətirib çıxarar. Məhz buna görə də düşünürəm ki, tütün məmulatlarının satışında və dərmanların buraxılmasında qadağaların tətbiq olunması müsbət bir addımdır”.

Deputat həmçinin açıqlamasında aptekə gələn şəxsin yaşının 14-dən az olub-olmamasının təsdiqi məsələsinə də toxunub:

“Belə bir sual yarana bilər, bəs necə bilinəcək ki, aptekə gələn şəxsin 14 yaşı tamam olub ya yox? Bu cür halda həmin şəxsin yaşının təsdiqi üçün şəxsiyyət vəsiqəsi tələb olunacaq. İndi burada digər bir məsələ də var. Ola bilər ki, həmin adamın 16 yaşı var və onun boyunun balacalığı, görkəmi səbəbindən yaşı sual altında qalsın. Məhz belə durumda şəxsiyyət vəsiqəsi tələb oluna bilər. Əks təqdirdə qanuna əsasən dərmanın satışı qadağandır”.

Qeyd edək ki, “Dərman vasitələri haqqında” qanuna 13.3-1 bəndinin əlavə edilməsi müzakirə olunur. Həmin bəndə əsasən, 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan ediləcək.

Elvin Paşazadə

www.yenicag.az

2959
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM