Valideynlərin diqqətinə – Elektron qeydiyyatın vaxtı uzadıldı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 2018-2019-cu dərs ili üçün məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesinin vaxtı sentyabrın 28-dək uzadılıb.

Yenicag.az xəbər verir ki, elektron ərizəsi qeydiyyata alınan şəxslərin məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 29-dək (həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək) davam edəcək.

Paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 21 803 ərizənin onlayn qeydiyyatı (25.09.2018-ci il tarixinə saat 11:00-a olan məlumata əsasən) aparılıb.

Məktəbəhazırlıq qruplarına şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, onların ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.

Məktəbəhazırlıq qruplarına qəbulun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, informasiya texnologiyalarından istifadə vərdişlərinin artırılması baxımından olduqca əhəmiyyətlidir.

Məktəbəhazırlıq qrupları üçün tələb olunan sənədlərə uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda, doğum haqqında şəhadətnaməsi), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 (iki) ədəd 3×4 ölçüdə rəngli fotoşəkil və məktəb direktorunun adına ərizə (qəbulu elektron sistem vasitəsilə həyata keçirilən rayon və şəhərlərdə valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış “Şəxsi Kabinet”indən çap olunmuş “Ərizə” daxildir. Azərbaycanda vətəndaşlığı olmayanlardan isə əlavə olaraq müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, xarici doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda) tələb olunur.

Qeyd edək ki, dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.

Məktəbəhazırlıq qruplarında gün ərzində 3 məşğələ, həftədə 4 gün olmaqla, ümumilikdə 12 məşğələ keçirilir. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Qruplarda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir.

Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında dərs ili iki yarımilə bölünür. Məktəbəhazırlıq qruplarında məşğələlər 1 oktyabr-31 may dövrünü əhatə edir.

Xatırladaq ki, Azərbaycanda 2015-2016-cı tədris ilində məktəbəhazırlıq proqramı bütün 5 yaşında olan uşaqların 24, 2016-2017-ci dərs ilində 55, 2017-2018-ci tədris ilində 65 faizini əhatə edib. 2018-2019-cu dərs ilində həmin göstəricinin 75, 2019-2020-ci tədris ilində isə 90 faizə çatdırılması nəzərdə tutulur.

COP29