Şagirdlərin dərslərə davamiyyəti barədə valideynlərə SMS-bildiriş xidməti oktyabrın 1-dən bərpa olunacaq.
Yenicag.az xəbər verir ki, bu barədə Trend-ə “Mobile Solutions & Marketing Technologies” şirkətindən (xidmətin operatoru) bildiriblər.
Şirkətdən deyiblər ki, yay tətili ilə əlaqədar olaraq, SMS-bildiriş xidməti yeni tədris ilinə qədər dayandırılmışdı:
“Məktəblərdə cari tədris ili sentyabrlın 17-i başlyacaq. Tədris ilinin əvvəlində dərs cədvəli hazırlanır və daha sonra bu, elektron bazaya inteqrə olunur. Bu işlər üçün müəyyən vaxt tələb olunur, ona görə də xidmət tam olaraq oktyabrın 1-i işə salınacaq”.
Qeyd edək ki, şagirdlərin davamiyyəti üzrə SMS-bildiriş xidməti “Elektron məktəb” layihəsində iştirak edən 40-dan çox məktəbdə (Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan, Şamaxı, Quba, Ağdaş, İsmayıllı, Tovuz və Ağstafada) tətbiq olunub.
SMS-bildiriş xidməti Azərbaycanın bütün mobil rabitə operatorlarının (Bakcell, Azercell və Azerfon) şəbəkələrində əlçatandır.
Xidmətə qoşulmaq üçün məktəbə müraciət etmək və ya 9988 nömrəsinə şagirdin adı, soyadı, atasının adı, məktəbin, sinifin nömrəsi və ev telefonu qeyd olunmaqla qısa SMS göndərilməlidir. Aylıq abunə haqqı 4,72 manatdır.