“Valideynlərin imtahan verilən binalara yaxınlaşması qadağan edilməlidir” – Operativ Qərargaha TƏKLİF

“Valideynlər və digər ailə üzvlərinin imtahan verilən binalara yaxınlaşması qadağan edilməlidir”. 

Yenicag.az xəbər verir ki, bunu xüsusi karantin rejimi elan olunmuş şəhər və rayonlarda keçirilən imtahanlarla bağlı vəziyyəti dəyərləndirən təhsil eksperti Elçin Əfəndi bildirib.

Elçin Əfəndi Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah, Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzinə təklif edib ki, yalnız ali təhsil müəssisələrinə, elcə də 9 və 11 illik təhsil bazasından kolleclərə ərizə vermiş şəxslərə imtahan keçirilməsi məqsədəuyğun ola bilər:

“Digər şəxslərə buraxılış imtahanları sentyabr ayında keçirilməlidir. İmtahan binalarına yalnız imtahan verən şəxslər yaxınlaşsa, doğru addım olar. Valideynlər və digər ailə üzvlərinin yaxınlaşması isə qadağan edilməlidir.

İmtahan verən şəxslərin hərarəti girişdə yoxlanılmalı və simptomları olanlar varsa, imtahan binalarına buraxılmadan təcili tibbi yardım heyətinin ilkin müayinəsindən sonra birbaşa geri qaytarılmalıdır. Eyni zamanda, imtahanların keçirilməsi üçün nəzərdə tutulan binalar imtahanların keçirilməsindən ən azı 2 gün əvvəl TƏBİB-in müəyyən etdiyi qaydalar əsasında izolyasiya edilməlidir”.

Təhsil ekspertinə görə, Müəllimlərin İşə Qəbulu üzrə imtahanlar üzrə qeydiyyat onlayn olduğu üçün bu prosesin başladılmasına da razılıq verilməlidir:

“Müəllimlərin İşə Qəbulu imtahanlarında imtahanların keçirilməsi üçün nəzərdə tutulan binalar imtahandan ən azı iki gün əvvəl TƏBİB-in müəyyən etdiyi qaydalar əsasında izolyasiya edilməlidir. Vətəndaşlarımızın sağlamlığı dövlətimizin ən əsas marağında olan məsələdir. Sağlamlıq hər şeydən daha üstündür. Ancaq bizə savadlı həkimlər, müəllimlər və digər ixtisas sahiblərini yetişdirmək də vacibdir. Məhz Dövlət İmtahan Mərkəzi bu təcrübə əsasında xüsusi karantin rejimi elan olunan şəhər və rayonlarda imtahanları həyata keçirə bilər”.

Gülşən Şərif