“Vaqif Mustafayevin “Space”dən uzaqlaşdırılmasının pərdəarxası səbəbləri…” – Qulu Məhərrəmli

“Hər halda, Vaqif Mustafayev nə qədər yaxşı rejissordursa, bir o qədər də pis telekanal rəhbəri idi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Space” telekanalının prezidenti Vaqif Mustafayevin işdən çıxarılmasına münasibət bildirən professor Qulu Məhərrəmli deyib.

Qulu Məhərrəmlinin sözlərinə görə, “Space” telekanalının fəaliyyətinə dair ciddi tənqidləri nəzərə aldıqda, bu qərar çox təbii qarşılanmalıdır:

“Vaqif Mustafayevin işdən çıxarılmasını çox qanunauyğun və təbii hal hesab edirəm. Hər halda, Vaqif Mustafayev nə qədər yaxşı rejissordursa, bir o qədər də pis telekanal rəhbəri idi.

Bizdə təkcə “Space” deyil, “Lider” telekanalının də vəziyyəti acınacaqlıdır. Bu iki kanalın geriləməsi var, xüsusilə, onlardakı şou proqramlarının səviyyəsi çox aşağıdır. Ümumiyyətlə, bizim özəl telekanallardakı vəziyyət hər kəsə bəllidir.

Əgər təsisci hesab edirsə ki, telekanalın rəhbərini dəyişmək lazımdır, məncə, çox düzgün qərar qəbul edib. Bundan sonra necə olacaq, bilmirəm, nikbin danışmaq üçün çox ciddi əsaslarım yoxdur. Ümid edirik ki, “Space”də müsbət yeniliklər baş verəcək”.

Vaqif Mustafayevin “Space”dən uzaqlaşdırılmasının pərdəarxası səbəblərinə gəldikdə isə professor bu barədə məlumatsız olduğunu deyib:

“Bizdə telekanalların “arxa planı”nda nə baş verir, onu bilmək mümkün deyil. Sadəcə olaraq, bildiyimiz budur ki, təsisçinin iradəsi bu şəkildə olub, onu da reallaşdırıblar”.

Səxavət Məmməd

COP29