“Var-yox” söyüşü ilə başlayan həbslər…

“Keşlə”nin futbolçuları Nizami Hacıyevlə Mirhüseyn Seyidov danışılmış oyunlarda şübhəli bilinir.

Klubun yaydığı rəsmi bəyanatda Hacıyev və Seyidovun Premyer Liqanın son 5-6 görüşdəki hərəkətləri xüsusi vurğulanıb.

Görəsən, adıçəkilən futbolçular doğrudanmı belə bir işə qol qoyublar? Hər halda olduqca ağır ittihamdır. O da bir reallıqdır ki, Azərbaycanın tanınmış oyunçularının oyunları qumara qoyacağı ilk baxışdan inandırıcı görünmür.

Bəs, işin kökündə hansı səbəb dayanır? Qərəz, yoxsa faktlar? Təbii ki, bütün bunlar zamanla öz təsdiqini tapacaq.

Bizdə olan məlumata görə, bütün bu olayların baş verməsinin səbəbkarı “Keşlə”nin prezidenti Zaur Axundovdur. Onun Premyer Liqanın VI turu çərçivəsində keçirilən “Zirə” ilə oyunun fasiləsində soyunub-geyinmə otağına daxil olaraq futbolçuları təhqir etməsi komanda üzvlərini özündən çıxarıb. O, əvvəlcə komandanın qapıçısı Orxan Sadıqlı ilə “atışıb”. Qapıçının ikinci hissəyə çıxmayacağını deməsi, Axundovun söyüş söyməsi ilə yekunlaşıb. Bundan sonra da soyunub-geyinmə otağında gərginlik daha da artıb. Bu məqamda Zaur Axundov “var-yox” söyüşü işlətməkdən də çəkinməyib. İddia olunur ki, bu klub prezidentinin ilk əməli deyil, o, dəfələrlə futbolçulara qarşı təhqirə yol verib. Bunun nəticəsi kimi futbolçular birləşərək söyüş söyən prezidentin rəhbərliyi altında uğur qazanmaq istəməyiblər.

Qeyd edək ki, Zaur Axundov bir müddət əvvəl mətbuata açıqlamasında soyunub-geyinmə otağında söz-söhbətin olduğunu təsdiqləsə də, təhqirə yol vermədiyini bildirmişdi.

Emin Səfərov

COP29