“Müharibədən 26 ay keçib, onların 26 dəfə dilləri uzanıb. Uzanan dili kəsərlər”.
Bunu Ruben Vardanyanın müstəqillikdən danışması, Azərbaycanla birgə yaşayışın mümkünsüzlüyünü deməsi və buna cavab olaraq rəsmi Bakının atmalı olduğu addımları dəyərləndirən təhlükəsizlik məsələləri üzrə ekspert, keçmiş DTX zabiti, ehtiyatda olan polkovnik İlham İsmayıl Yenicag.az-a açıqlamasında səsləndirib.
İlham İsmayıl bildirib ki, Azərbaycanın tək yolu hərbi əməliyyatlardır:
“Ruben Vardanyanın dəfələrlə Azərbaycanla birgə yaşaya bilməzlər deməsi və indi açıq şəkildə “ayrıca dövlət olmalıyıq” bəyanı Azərbaycana qəzəbli çağırışdır.
Yeri gəlmişkən, Ermənistan rəhbərliyi ilə Ruben Vardanyan arasında soyuqluq olsa da, onlar bir-birini tamamlayırlar.
Ararat Mirzoyan da ötən günkü çıxışında dedi ki, Laçın yolunun açılmasının iki yolu var. Biri hərb, digəri diplomatik yoldur. Diplomatik yolun izahatını verir. Hərb yolunu istisna etməsə də, izahatını vermir. Bu o deməkdir ki, Ermənistana aid olmayan, Azərbaycan daxilində olan məsələni belə hərbi yolla həll etməyi düşünürlər. Vardanyan ayrıca dövlət olmaq istəyir. Demək ki, onlarla danışmağın, diplomatik yolun mümkünlüyü qalmır.
Azərbaycan separatçılarla beynəlxalq vasitəçilər yolu ilə danışmayacaq. Onlar Azərbaycan torpaqlarını istəyirlər, dövlət yaratmaq niyyətindədilər. Cəmiyyət də buna etiraz etmədiyinə görə, bu rəhbərliklə yanaşı, həm də ermənilərn də mövqeyidir. Üstəlik, onlar etnik təmizləmə ediblər. 60 minə yaxın azərbaycanlını çıxarıblar.
Azərbaycan Vardanyana, Ararat Mirzoyana cavab xəttini yığışdırmalıdır. Azərbaycan özü məsələ qoymalıdır ki, onlar cavab verməli olsunlar.
Misal üçün, Laçın yolunda öz sərhəd nəzarət məntəqələrimiz diplomatik yolla olmasa, biz bunu hərb yolu ilə edəcəyik deməliyik. Qoy onlar buna cavab versinlər. Deyirlər ki, Bakı ilə Xankəndi arasında beynəlxalq vasitəçilər danışıq aparsın. Bakı bu məsələni beynəlxalq vasitəçilər səviyyəsinə çıxarmır. Deyir ki, bu daxili işimdir.
Bu problemin artıq diplomatik yolla həlli qalmayıb. Rusiya sülhməramlılarına xəbərdarlıq etmək lazımdır ki, keçmiş Dağlıq Qarabağ ərazisində yaşayan erməni etnik azlığı və onların rəbərliyi Azərbaycan dövlətinin dövlət nəzarətini qəbul etmədikləri, diplomatik yoldan çəkindikləri üçün məsələ hərbi güc vasitəsi ilə həll olunacaq. Ruslara onu da bildirmək lazımdır ki, bunun üçün 2025-ci il gözlənilməyəcək.
Azərbaycan hücum diplomatiyasına keçməlidir.
Azərbaycan şərt qoymadıqca, şərtinə vaxt qoymadıqca onların dili uzanır. Müharibədən 26 ay keçib, onların 26 dəfə dilləri uzanıb. Uzanan dili kəsərlər. Diplomatik yolla danışa bilməyən tərəflə hərb yolu ilə danışılmalıdır. Bunu artıq elan etmək lazımdır”.
Səxavət Məmməd