“Vasif Talıbov və onun klanının etdiklərini saymaqla bitməz” – Sabiq məmurdan SƏRT ÇAĞIRIŞ

“Hesab edirəm ki, bu məsələlər açılıbsa, onun davamı gəlməlidir və konkret ölçü götürülməlidir”.

Bu fikirləri Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Naxçıvanda keçirdiyi məlum əməliyyatdan sonra Muxtar Respublika Ali Məclisinin sədri Vasif Talıbovun həbs edilməsinə dair irəli sürülən təkliflərə münasibət bildirən keçmiş dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, ictimai rəy dövlətə zərər vurulmasında adı hallandırılan hər kəsin ləngimədən cəzalandırılmasını istəyir və gözləyir:

“Ümumiyyətlə, ölkənin ictimai rəyinin döyüşkən olması, baş verən hadisələrə operativ reaksiya verməsi çox vacibdir. O baxımdan, DTX-nin Naxçıvanda keçirdiyi məlum əməliyyatdan sonra bu tədbirlərin genişləndirilməsi, hətta Vasif Talıbovun həbsinə yönəlik çağırışların olmasını təbii qarşılayıram.

Tam ciddiliyi ilə deyirəm ki, Vasif Talıbov və onun klanı bu ölkəyə nə qədər ziyan vurub. Onun etdiklərini, törətdiklərini saymaqla bitməz. Hesab edirəm ki, bu məsələlər açılıbsa, onun davamı gəlməlidir və konkret ölçü götürülməlidir.

Baxın aşkarlanan pullar onların dövlətdən oğurladıqlarının hələ məlum olan hissəsidir. Əslində, bu klan ehtiyac içində olan insanların, bəlkə də, tək yavan çörəkdən ibarət olan ruzilərinə göz tikib, onu da acgözlüklə qamarlayıb.

Mənimsənilən pullarla Gürcüstanda otellər tikdirilib, Türkiyədə bahalı villalar alınıb, Dubayda işlər qurulub, hətta İranla şübhəli və təhlükəli işbirliyi həyata keçirilib. Bütün bunların cəzası olmalıdır.

Amma onların layiq olduqları cəzanı alıb-almayacaqlarını qəti şəkildə demək çətindir. Çünki ortada Ramiz Mehdiyev nümunəsi var. O da dövlətə bu qədər zərbə vurmasına baxmayaraq, indiyə kimi azadlıqdadır. Amma ictimai rəy onların ləngimədən cəzalandırılmasını istəyir və gözləyir”.

A.Zeynalov