“Konsertə dəvət almışıq, qiymətimizi demişik, ödəyiblər”.
Bunu Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladlarının Azərbaycan və Türkiyədən gələn müğənnilərin bir çoxuna, o cümlədən də müğənni Nəfəsə bahalı hədiyyələr verməsi, böyük məbləğdə “qonorarlar” ayırması ilə bağlı xəbərə münasibət bildirərkən prodüser Rovik Səfərov Yenicag.az-a açıqlamasında deyib.
Prodüser müğənnilərin qonorar müqabilində oxuduqlarını bildirib:
“Cahan holdinq” yayda şənbə, bazar günlərində konsertlər təşkil edirdi. Saat meydanında açıq havada keçirilən o konsertlərə adları çəkilən – Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova, türkiyəli müğənnilər – Demet Akalın, Hande Yener dəvət alıb, gəlib oxuyurdu. Və buna görə onlara qonarar ödənib. Eləcə də Nəfəs, qonorarını alıb oxuyub. O demək deyil ki, orada oxuyan müğənnilərə əlavə nəsə pul veriblər”.
Qeyd edək ki, Missiya.az-ın məlumatına görə Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar.
Cəvahir