Vasif Talıbovun PPK-çı “QARA KASSA”SI: Emin Uçar “Naxçıvan xanı”nın hesabına necə milyonçuya çevrilib?

Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra vəzifədə olduğu 27 il ərzində onun nəhəng biznes imperiyasının qurulmasında, idarəçiliyində və dövlət vəsaitlərinin mənimsənilməsində birbaşa iştirak etmiş şəxslər üçün də hesab zamanı yetişib.

Naxçıvanı uzun müddət ərzində “dövlət içində dövlət”ə çevirən, Muxtar Respublikanı ölkənin yox, “şəxsi” qanunları ilə idarə etmiş Vasif Talıbovun postundan gedişi ilə onun törətdiyi qanunsuz əməllər silsiləsinin yeni-yeni detalları üzə çıxarılmaqdadır. Doğrudur, mediada onun istefasına qədər də səlahiyyətlərindən sui-istifadə sayəsində yol verdiyi qanunsuzluqlar barəsində materiallar dərc olunurdu.

Lakin Talıbovun vəzifədə olması və özü üçün “toxunulmazlıq” çəmbəri yaratması onunla bağlı faktların araşdırılmasının qarşısını alırdı. Artıq vəziyyət dəyişib və “xan”ın kriminal dosyesi ölkə mediasının ən aktiv mövzuları sırasında yer almaqdadır.

Qeyd olunmalıdır ki, Talıbova yönəlik materiallarda onun Naxçıvanda “xüsusi” qaydalar tətbiq etməsi, yerli əhaliyə münasibətdə repressiv metodlarla davranışı, vətəndaş hüquq və azadlıqlarına məhəl qoymaması ilə yanaşı, sərəncamında olan dövlət vəsaitləri hesabına ailəsi adına böyük biznes imperiyası qurması faktı qırmızı xətlə göstərilirdi.

Ölkədə bir çox səlahiyyətli şəxslərin məmur biznesinin formalaşmasında və möhkəmlənməsində iştirakına dair faktların çoxluğunu nəzərə alsaq, Talıbovun da bu “marafon”dan geri qalmaq istəməməsini başa düşmək çətin deyil. Ancaq “xan”ın büdcə pulları ilə zənginləşmək ehtirasının onu hətta terrorçu PKK ilə işbirliyinə yönəltməsi artıq məsələyə tam fərqli çalar qatır.

Talıbovla bağlı gündəmi izləyənlər bilirlər ki, ona məxsus biznes şəbəkəsində “Gəmiqaya Holding” başlıca yer tutur. Yəni Muxtar Respublikanın sabiq rəhbərinə məxsus “iş aləmi”nin nüvəsini məhz bu holdinq təşkil edirdi. Təbii ki, biznesinin coğrafiyasını genişləndirmədən zənginləşmənin mümkünsüzlüyünü anlayan Talıbovun özünə kənardan ortaqlar axtarıb tapması onun üçün çətinlik törədən iş deyildi. O, axtardı və tapdı. Amma kimi? Terrorçu PKK-ya bağlılığı ilə tanınan türkiyəli iş adamı Emin Uçarı!

Xatırladaq ki, Talıbovun bu ortağının terrorçularla əlaqələrinə dair məlumatlar yeni deyil. Azı 15 ildir ki, bu barədə deyilir və yazılır. Hətta 2010-cu ildə keçirilmiş əməliyyat zamanı Emin Uçarın qardaşı, terroçu PKK-nın Belçika üzrə koordinatoru Sezayi Uçarın həbs edilməsi ilə Talıbovun ortağının adı da bir müddət bu çərçivədə hallanmışdı. Əlbəttə ki, “xan”la işbirliyinə görə Uçara dəyib-toxunan olmadı. Budur, Talıbovun istefaya göndərilməsi ilə Uçarın da söykəndiyi “dağ” yıxıldı.

Uzunmüddətli işbirliyinə baxmayaraq, son illərdə Talıbovlarla Uçar arasında toqquşmaların yarandığı haqda davamlı məlumatlar yayıldı. Sözsüz, onillər boyunca Azərbaycanda maneəsiz fəaliyyət göstərən, “xan”ın biznesində həlledici fiqura çevrilən Uçarın bir gün öz ortağının “cib”inə girəcəyi gözlənilməz durum deyildi.

Ancaq bu “cibgir”liyin dəyəri qəpik-quruş yox, yüz milyonlarla dollar edirdi. Hər halda şərikindən mənimsədiyi məbləğin həcmi Talıbovların bunu fərq etməyəcəkləri qədər kiçik deyildi. Digər tərəfdən, Uçar “xan”dan qopardığı yüz milyonlarla dolları sandıqda saxlamayaraq, ölkə xaricində öz biznesini böyütməklə, diqqəti üzərinə çəkməyin riskini ya nəzərə, ya da vecinə almamışdı. Uçarın “investisiya” yatırdığı əsas ölkələr isə postsovet məkanına daxil olan Gürcüstan və Belarus idi.

Təsəvvür edin, yaxın illərdə Uçarın Gürcüstana yatırdığı pulların həcmi o qədər böyük olub ki, sahibi olduğu “Maqro Construction” şirkəti bu göstəriciyə görə qonşu ölkədə fəaliyyət göstərən xarici kompaniyaların ilk onluğuna da düşüb. PKK-çı iş adamı Gürcüstanda əsasən inşaat, istehsal və xidmət sferalarına maraq göstərib və bu sektorlara investisiya yatırıb. Tiflisdəki “Green Budabest” yaşayış kompleksi, dördulduzlu “Mercure Tbilisi Old Town” oteli və “Green Diamond” yaşayış kompleksini məhz Uçarın şirkəti inşa edib. O arada Türkiyədə iş fürsətini də qaçırmayan Uçar qardaş ölkənin Doğubayazıt bölgəsində 600 nəfərin çalışacağı və təqribən 25 milyon  dollar dəyərində layihələndirilən sement zavodunu da inşa etdirib.

İndi görün Uçarla bağlı vəziyyət nə yerə çatıb ki, “xan”ın PKK-çı ortağının sorağı artıq Beynəlxalq Korrupsiya və Mütəşəkkil Cinayətkarlığın Araşdırılması üzrə Jurnalistika Layihəsinin (OCCRP) hesabatından gəlir. Hesabatda bildirilir ki, Emin Uçar Gürcüstanda ümumi dəyəri 270 milyon dollar olan biznes və mülkiyyət imperiyası qurub.

Bu “imperiya”ya daxil olan və Fransanın “Accor” şirkəti ilə birgə inşa edilən Tiflisdəki 3 otel və Gürcüstan paytaxtındakı Opera Teatrının yaxınlığında yerləşən “Dinehall” restoranı da OCCRP-nin hesabatına salınıb. Araşdırma müəlliflərinin Uçarın Vasif Talıbov və ailəsi ilə bağlılığını qeyd etmələri isə Azərbaycanda heç kim üçün yenilik deyil.

Hesabatda bildirilir ki, Uçarın vəkilləri onun bu sərvəti “istiqrazlar”dan qazandığını iddia ediblər. Lakin OCCRP-nin araşdırmaçıları onun şirkətlərinin Azərbaycanda dövlət sifarişləri əldə etdiyini vurğulayaraq, bu “arqument”i şübhə altına alıblar. Sözügedən hesabatın ən maraqlı detallarından biri isə Fransanın “Accor” şirkəti rəsmilərinin “Uçarın Vasif Talıbovla iddia olunan münasibətləri fonunda onunla əlaqələrə yenidən baxıldığını” bildirmələridir.

Göründüyü kimi, Vasif Talıbovun işbirliyi qurduğu PKK-çı Emin Uçarın Azərbaycanın dövlət vəsaitləri hesabına zənginləşməsi artıq nüfuzlu beynəlxalq qurumların da diqqətini cəlb edib. Yuxarıda da vurğulandı ki, “xan”ın vəzifədə olduğu dönəmdə Uçar qeyri-rəsmi toxunulmazlıq qazanıb və bunun sayəsində tam fəaliyyət sərbəstliyinə malik olub. Lakin Talıbov artıq nəinki ortağını, heç özünü də məsuliyyətdən qorumaq iqtidarında deyil. Bu isə deməkdir ki, Azərbaycana sızaraq oliqarxa çevrilən, buradan oğurladığı pulların müəyyən hissəsini terror şəbəkəsinə çatdıran PKK-çı Emin Uçarın məşhər ayağına çəkilməsi üçün ciddi maneə qalmayıb.

“Yeni Çağ” Analitik Qrupu