Vaşinqton Çinə növbəti zərbəsini vurdu

ABŞ Çinə qarşı sanksiyalarını sərtləşdirməkdə davam edir. Növbəti sanksiyaların anonsunu dövlət katibi Mayk Pompeo verib. Dövlət Departamenti çinli diplomatlara qarşı yeni məhdudiyyətlər tətbiq edəcək. Söhbət hansı məhdudiyyətlərdən gedir?

Dövlət Departamentinin tətbiq edəcəyi yeni qaydalara görə, çinli diplomatlar bundan sonra istədikləri vaxt Amerika rəsmiləri ilə görüşə və universitetləri, kampusları ziyarət edə bilməyəcəklər. Bundan başqa çinli diplomatların kütləvi tədbirlər keçirməsi də məhdudlaşdırılır. Çin səfirliyi bundan sonra ziyarətlər və tədbirlər üçün Dövlət Departamentindən xüsusi icazə almalıdır. Ancaq bu icazələrin veriləcəyi özü sual altındadır.

Vaşinqton Çinə qarşı siyasətini nədən bu qədər sərtləşdirir?

Dövlət katibi Mayk Pompeo son müsahibəsində deyib ki, “xarici güclərdən ABŞ üçün ən ciddi təhdid Çin Kommunist Partiyasından gəlir”. O Vaşinqtonun Çin qarşısında diz çökməyəcəyini bildirib. Pompeo artıq necənci dəfə xatırladıb ki, Rusiya Amerikada Çin qədər aqressiv kəşfiyyat işləri aparmır, təsir dairələrini genişləndirmir. Bundan başqa amerikalı qanunvericilər Çinin Honkonqu tədricən ələ keçriməyə çalışmasını da sərt tənqid edirlər.

Çinə qarşı tətbiq edilən məhdudiyyətlər Pekinin planlarına ciddi zərbədir. Çünki, Çinin müvafiq strukturları illərdir məhz Amerika universitetlərində və elmi mərkəzlərində təsir dairələri formalaşdırır, bəzilərini xəfiyyə işinə cəlb edir, texnoloji oğurluqlar həyata keçirirdi.

Çin Xarici İşlər Nazirliyi ABŞ-ın hərəkətlərini beynəlxalq hüquqa zidd və Çin-ABŞ konsulluq əlaqələrinə dair müqavilənin pozulması adlandırıb. Pekin Vaşinqtonun bu məhdudiyyətlərə cavabsız qalmayıb. Çin hakimiyyəti amerikalı 11 senatora qarşı sanksiya tətbiq edib. Bu sanksiyalar həmin senatorların Çini insan haqlarına və qeyri-hökumət təşkilatlarına qarşı yürütdüyü siyasətə görə tənqidləri ilə əlaqəlidir.

ABŞ Çin arasında artan gərginlik soyuq müharibə illərini xayırladır. Ancaq hətta soyuq müharibə illərində Vaşinqton SSRİ diplomatlarına qarşı bu qədər məhdudiyyətlərdən tətbiq etmirdi. Deməli, Vaşinqton bugünkü Çini özü üçün keçmiş SSRİ-dən və hazırki Rusiyadan da təhlükəli sayır. Vaşinqton hesab edir ki, Çin Amerika ərazisindəki universitetlərə, elmi və beyin mərkəzlərinə kifayət qədər nüfuz edib və xəbərdarlıqlara baxmayaraq, siyasətindən əl çəkməyib.

Rusiya Amerikada Çin qədər fəal deyil. Elə buna görə də ABŞ rəsmiləri və qanunvericiləri Çini Rusiyadan daha təhlükəli hesab edirlər. Pompeo hesab edir ki, daxildə avtoritar idarəetməyə üstünlük verən Pekin xaricdə də özünə uyğun təsir dairələri formalaşdırmağa çalışır. Bunu isə Vaşinqton Amerikanın milli və təhlükəsizlik maraqlarına ciddi təhdid kimi qiymətləndirir. Mayk Pompeo Çinə qonşu olan dövlətləri, o cümlədən Hindistanı, Avstraliyanı və Yaponiyanı anti-Çin blokuna qoşulmağa dəvət edib. Onsuz da adı çəkilən dövlətlər Çinin regional siyasətindən narazıdırlar.

“Atlas” Araşdırmalar Mərkəzi

COP29