Vaşinqton və Londondan Kiyevi qəzəbləndirən MÖVQE: “İstər Rusiya, istərsə də Qərblə münasibətlərdə…”

“Belə davam edərsə, Ukrayna əhalisinin ölkəni tamamilə tərk edəcəyi və belə bir dövlətin məhvi qaçılmaz olacaq”.

Bu fikirləri qarşıdakı ayların Ukrayna üçün çox çətin olacağına dair ABŞ və Böyük Britaniyadan verilən bəyanatları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti istər Rusiya ilə, istərsə də Qərblə münasibətlərdə çox böyük yalnışlıqlara yol verib:

“Qlobal siyasət naşılığı heç sevmir. Ola bilər, kimsə xalqın sevimlisi kimi seçilsin, ancaq onun ağıllı komandası olmalıdır. Eyni səhvləri vaxtilə Saakaşvili hakimiyyəti də edərək, birmənalı ABŞ-a yönəlik siyasət apardı. Ölkəsində böyük dəyişikliklər etdi, təcrübəli dövlət xadimlərini uzaqlaşdırdı, onların yerinə isə dilitenatları qoydu.

Ukrayna xalqı hələ heç kimə vermədiyi dəstəyi, hətta parlamentə nəzarəti də mövcud iqtidara verdi. Cəsarət, inamlı addımlar bəs etmir, həm də təcrübə lazımdır. Çox təəssüf ki, mövcud iqtidar Ukrayna kimi iqtisadi, hərbi potensialı olan bir ölkədə düzgün fəaliyyət göstərə bilmədi. Göründüyü kimi, istər Rusiya ilə, istərsə də Qərblə münasibətlərdə çox böyük yalnışlıqlara yol verdilər.

Siyasətdə daimi heç nə yoxdur, hər şey gedişata bağlıdır. Bunu iyirminci əsrdə baş verən bütün kataklizmlərdə, eləcə də öz taleyimizdə görümüşük. Sovetlərin bir nömrəli düşməni Çörçil idi. O çox istəyirdi ki, Almaniya birinci növbədə Sovetlərə hücum etsin ki, Britaniyanın vəziyyəti bir qədər yüngülləşsin. Ancaq sonra vəziyyət elə gətirdi ki, Çörçil Almaniyanın qarşısını kəsmək Sovetlərin müttəqfiqinə çevrildi və ABŞ-ı da buna sövq etdi.

Yenə də o fikrimdə qalıram ki, Zelenski hakimiyyəti müharibənin ilk aylarında Ukrayna xalqının dirənişi, bütün dünyanın Rusiyanı qınaması və Moskvanın müharibəni dayandırmaq üçün fürsət axtardığı zamandan bəhrələnməli idi. Hər şey xaricdən gəlirsə, bununla çox davamm gətirmək olmaz. Bəzən misal məkirlər ki, Stalinə də köməklik olunub. Ancaq məsələ ondadır ki, xaricdən kömək alsa da, SSRİ-nin əsas gücü özündə idi.

Ukraynanın demək olar ki, hər işi xaricdən asılıdır. Rusiya tərəfi qısa zamanda öz uğursuzluqlarından nəticə çıxarıb iqtisadiyyatını dirçəldə və hərbi sənayesini işə sala bildisə, Ukrayna bunu bacarmadı. Getdikcə də səhvlərə yol verir. Ukrayna postsvet məkanında korrupsiya üzrə birinci yerdə durur. Əhali də bunu görür. Camaatı ilk vaxtlar rüşvət verib müharibəyə getmək istəyirdisə, indi rüşvət verib müharibədən yayınır. Xalqı qınamaq lazım deyil. Biz də bunu yaşamışıq.

44 günlük müharibədə Şuşa işağaldan azad ediləndən sonra Azərbaycan ona edilən təklifə “yox” demədi. Dayandı, nəfəsini dərdi, sonra yenə addım-addım irəlilədi. Ərdoğan və BMT-nin verdiyi təklifə düzgün reaksiya verilsəydi, hadisələr fərqli yöndə inkişaf edərdi. Rusiya Ukraynanı xarabaya çevirib. Əgər Tramp ABŞ-da yenidən hakimiyyətə gəlsə, vəziyyət başqa cür olacaq. Zelenski də deyir ki, əgər gəlib düzəltmək istəsə, ona dəstək verəcək. Ukraynanın vəziyyəti çox çətinləşib. Belə davam edərsə, Ukrayna əhalisinin ölkəni tamamilə tərk edəcəyi və belə bir dövlətin məhvi qaçılmaz olacaq”.

Səxavət Məmməd

COP29