“Görülən tədbirlərə baxmayaraq, bu münaqişənin tezliklə yekunlaşacağı gözlənilmir”.
Bu fikirləri İsrail-Fələstin qarşıdurmasının mümkün davamlılığını və toqquşmaların coğrafiyasının genişlənmə ehtimalını dəyərləndirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.
Onun sölərinə görə, HƏMAS-ın bu hücumu İranı vurmaq üçün İsrail və ABŞ-a tutarlı əsas verə bilər:
“Baş verən qanlı olaylar fonunda Fələstin lideri Mahmud Abbasın Moskvaya səfəri gözlənilir. Əlbəttə ki bu, indiki şəraitdə adi səfər ola bilməz. Yasir Ərəfat dönəmində keçmiş SSRİ Fələstini birmənalı şəkildə dəstəkləyirdi.
Hücum ərəfəsində yaranmış şəraitə baxsaq, deməliyik ki, Qəzza zolağında hər zaman gərginlik yaşanıb. Həmin günlərdə İsrail İranın Suriyadakı hərbi qüvvələrinin mövqeyini havadan bombalayırdı. Bunun ardınca İsrail ərazisinə eyni vaxtda minlərlə raketin atılması bəsit məsələ sayıla bilməz.
Bunun üçün xüsusi və vaxt tələb edən hazırlıq lazım idi. İsrailin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər normallaşmaq üzrə idi. Ancaq bu gedişat İranın maraqlarına cavab vermirdi. Nəticədə HƏMAS İranın dəstəyi ilə İsrail ərazisinə həm havadan, həm də qurudan hücuma keçdi.
Nəticədə İsrail ordusunun bəzi hərbi hissələri nəzarətə götürüldü, çox sayda hərbçi və mülki insan həlak oldu. Təsəvvür edin, bu hücumun miqyası o qədər böyükdür ki, ABŞ İsrailə dəstək məqsədilə “Cerald Ford” təyyarədaşıyan gəmisini oraya göndərib.
HƏMAS-ın bu hücumu İranı vurmaq üçün İsrail və ABŞ-a tutarlı əsas verə bilər. O baxımdan, hər iki ölkənin İrana havadan zərbələr endirməsi real ehtimaldır. İsrail ordusu HƏMAS tərəfindən ələ keçirilmiş əraziləri azad etməkdədir, hava qüvvələri Qəzza zolağına aramsız zərbələr endirir.
Görülən tədbirlərə baxmayaraq, bu münaqişənin tezliklə yekunlaşacağı gözlənilmir. Bu müharibə daha geniş miqyas ala və İran ərazilərinə hava zərbələrinin endirilməsi ilə davam edə bilər”.
Səxavət Məmməd