“Bütün bu proseslərin Yaxın Şərqdə münaqişənin qarşısının alınmasına və yaxud daha da qızışmasına səbəb olacağını indidən söyləmək mümkün deyil”.
Bunu Yenicag.az-a açıqlamasında ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın Yaxın Şərqdə İsraillə bağlı siyasətinin hansı istiqamətdə dəyişəcəyi ilə bağlı fikirlərini səsləndirən siyasi şərhçi Əlimusa İbrahimov deyib.
Onun sözlərinə görə, Trampın müxtəlif bölgələrdə davam edən münaqişələr, xüsusilə Rusiya-Ukrayna müharibəsini dayandıracağı ilə bağlı seçkiqabağı vədlərinə müsbət baxanların sayı elə də çox deyil.
“Bu vədlərə sadəlövh adamlar inanır. Cəmiyyətin savadlı kəsimi onun bu sözlərinə seçkiqabağı vəd kimi baxır. Çünki onun vədləri real mexanizmlə gücləndirilməyib. O, Rusiya-Ukrayna müharibəsini Putin və Zelenskiyə bir zənglə dayandıracağını deyir. Lakin telefon zənginin bu qədər qüdrətli olması heç də inandırıcı deyil.
Eyni zamanda o, İranın nüvə ambisiyalarını cilovlamaq və regional təsirini məhdudlaşdırmaq üçün ciddi iqtisadi sanksiyalar tətbiq edəcək. Tehrana qarşı “maksimum təzyiq” kampaniyasını bərpa edəcək və bəlkə də genişləndirəcək. Yeni administrasiya İran iqtisadiyyatını daha da məhdudlaşdırmaq neft ixracını, maliyyə sektorunu və hərbi sənayeni hədəfə ala bilər”.
Analitikin fikrincə, həmçinin İsraili və Körfəz ölkələrini, xüsusən də Səudiyyə Ərəbistanı və BƏƏ-ni İranın bölgədəki təsirini tarazlaşdırmağa yönəlmiş koalisiya yaratmağa təşviq edəcək:
“İranın Suriya, Livan və Yəməndəki regional fəaliyyətlərini cilovlamaq üçün bu müttəfiqlərə hərbi dəstək və ya kəşfiyyat məlumatı təklif edə bilər. Tramp irimiqyaslı müharibələrdə maraqlı olmadığını nümayiş etdirir. Lakin İran nüvə sahəsində fəaliyyətlərini artıraraq ABŞ-nin maraqlarına və regiondakı müttəfiqlərinə birbaşa təhdid yaradarsa, vəziyyət dəyişəcək. Ona qarşı dəqiq zərbələrə və ya digər hərbi hərəkətlərə icazə verə bilər”.
Mütəxəssis əmindir ki, İsraillə münasibətdə Trampın yeni siyasət yürüdəcəyi ehtimal olunur:
“Bir sıra Ərəb ölkələri ilə İsrail arasında “Abraham” müqaviləsinin imzalanmasında onun rolu böyükdür. Bu müqavilə İsrailin BƏƏ, Bəhreyn və Mərakeş də daxil olmaqla bir sıra ərəb ölkələri arasında münasibətlərin normallaşmasına imkan yaradıb. Gələcəkdə İsrail və Səudiyyə Ərəbistanı arasında müqavilə ilə “Abraham akkordu”nun genişləndirilməsinə çalışacaq”.
“Əlavə olaraq ABŞ hərbi yardımını genişləndirməklə, “Dəmir qübbə” kimi raketdən müdafiə sistemləri üzrə əməkdaşlığı davam etdirməklə İsrailin təhlükəsizliyinə dəstəyi artıracaq. Əgər İsrailin təhlükəsizliyi zəruri olarsa, İranın hərbi obyektlərinə zərbələr dəstəklənə bilər. Bütün bu proseslərin Yaxın Şərqdə münaqişənin qarşısının alınmasına və yaxud daha da qızışmasına səbəb olacağını indidən söyləmək mümkün deyil. Amma hər halda Trampın məqsədi sülh yaratmaq olacaq. Buna nail olarsa çox ciddi bir iş görə biləcək”, – deyə o bildirib.
Nəsimi Ələsgərli