Vaşinqtonla Brüsselin nizamlama prosesinə FƏRQLİ YANAŞMASI: “Əks halda, Rusiya-Qərb qarşıdurması…”

“Azərbaycan ABŞ və Avropa İttifaqının mövqeyinin obyektiv olmadığını görür”.

Bu fikirləri ABŞ və Avropa İttifaqının (Aİ) Azərbaycanla Ermənistan arasında davam edən nizamlama prosesinə fərqli yanaşma sərgiləməsinin səbəblərinə toxunan politoloq Abutalıb Səmədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Avropa İttifaqında Azərbaycana qarşı əsassız iddiaların səsləndirilməsi ilk və son hal deyil:

“Belə bəyanatlar hər zaman səsləndirilib və səsləndiriləcək. Müxtəlif maraqlar naminə Azərbaycan əleyhinə seçilmiş belə təzyiq üsullarına qarşı daim hazır olmalıyıq. Eyni mövqeni ABŞ-dan də görürük. Onlar da Azərbaycana qarşı əsassız bəyanatlara son qoymayacaqlar.

Bu amillər nəzərə alındıqda, ABŞ və Avropa arasındakı yanaşmada heç bir fərq olmadığı ortaya çıxır. Belə yanaşmalar sülh prosesində öz təsirini göstərir. Son zamanlar nə Brüssel, nə də Vaşinqton formatında Azərbaycan və Ermənistan arasında danışıqlar müşahidə olunur.

Azərbaycan ABŞ və Avropa İttifaqının mövqeyinin obyektiv olmadığını görür, müəyyən təsir vasitələri ilə onların yanaşmasını dəyişməyə çalışır. Əgər buna nail ola bilsək, böyük ehtimalla, yaxın vaxtlarda ABŞ-da görüşlər davam etdiriləcək.

Son nöqtənin qoyulması prosesi isə iki ölkənin sərhədində heç bir vasitəçi olmadan baş verməlidir. Yaxud Gürcüstan variantına üstünlük verilməlidir. Əks halda, bölgədə çox ciddi Rusiya-Qərb qarşıdurması baş verəcək ki, bu da nə Ermənistanın, nə də bizim xeyrimizədir”.

Nəsimi Ələsgərli

COP29