“Əməliyyatların gedişi göstərir ki, HƏMAS-ın silahları tükənməyib və onlar İsrail ərazisinə raket zərbələrini davam etdirirlər”.
Bu fikri İsrailin HƏMAS-a qarşı davam etdirdiyi quru əməliyyatlarının mümkün nəticəsini və region dövlətlərinin davranışını dəyərləndirən Müdafiə Nazirliyi Hərbi Polisinin keçmiş rəisi, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, ərəb dövlətlərinin qətiyyətli mövqeyi və ABŞ-ın regionda hərbi aktivliyini artırması dünya müharibəsi riskini artıran amillərdir:
“HƏMAS bu savaşa uzunmüddətli hazırlıq görərək çoxistiqamətli tunellər, xüsusi bunkerlər hazırlayıb. Belə deyək, onların bu işləri ermənilərin işğal dönəmində həyata keçirdikləri müdafiə hazırlığı ilə müqayisə oluna bilər.
Hazırda İsrailin quru əməliyyatlarını genişləndirdiyi bir vaxtda İran prezidenti HƏMAS-ın silahlandırılması ilə bağlı müsəlman dövlətlərinə çağırış edib. İsrail ordusu bu əməliyyatlar çərçivəsində müəyyən nəticə əldə etsə də, qəti uğurdan danışmaq hələ tezdir.
Əməliyyatların gedişi göstərir ki, HƏMAS-ın silahları tükənməyib və onlar İsrail ərazisinə raket zərbələrini davam etdirirlər. Fikrimcə, İsrailin quru əməliyyatları qısa zamanda yekunlaşdırılmasa, qonşu dövlətlərin HƏMAS-a yardımları artırmaları, hətta müharibəyə qatılmaları ehtimalı yüksəkdir.
Digər dövlətlərin buna hazır olduqlarını bəyan etmələri özlüyündə ABŞ-a ciddi mesajdır. Bu isə həm də o deməkdir ki, ABŞ də müharibəyə birbaşa qoşula bilər. Ərəb dövlətləri yaranmış şəraitdə geriyə addım atmaq niyyətində olmadıqlarını nümayiş etdirirlər.
İran və Rusiya HƏMAS-ı dəstəkləyir. O cümlədən, Türkiyə birbaşa yardım etməsə də, İsrail əleyhinə ardıcıl və sərt bəyanatlar verir. O baxımdan, İsrail üçün ciddi təhlükənin mövcudluğu nəzərə alınmalıdır. ABŞ-ın İsrailə 15 milyard dollar yardım ayırması və öz qoşunlarını bölgəyə göndərməsi dünya müharibəsi riskini hər an artırır”.
Səxavət Məmməd