Vaşinqtonun Cənubi Qafqaza yönəlmiş qərəzli siyasəti: “Regional gərginliyə yol aça bilər”

“ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımını iki dəfə artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırması Vaşinqtonun Cənubi Qafqaza yönəlmiş qərəzli siyasətinin təzahürüdür”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Sultan Zahidov deyib.

Mütəxəssis ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana maliyyə yardımını iki dəfə artıraraq 120 milyon dollardan 250 milyon dollara çatdırması məsələsinə toxunub.

Onun sözlərinə görə, Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında qalanda, 1 milyon məcburi köçkün və qaçqın olanda ABŞ bu qədər canfəşanlıq etmirdi:

“İndi biz görürük ki, Qarabağdan könüllü şəkildə müəyyən qədər ermənilər köçüb və Qərbdə həngamə salmağa başlayıblar ki, “ermənilər qaçqın düşüblər, onlara yardım lazımdır” və s.

Sözsüz ki, bu, ABŞ-Azərbaycan münasibətlərinə də təsirsiz ötüşməyəcək. Regional vəziyyətin gərginləşməsinə də gətirib çıxara bilər. Xüsusilə də, əgər bir tərəfə davamlı şəkildə silahlar ötürülürsə, bu, beynəlxalq münasibətlərdə “təhlükəsizlik dilemması” deyilən bir vəziyyəti yaradır. Yəni bir ölkənin silahlanması qonşu ölkələrdə narahatlıq və həmin ölkəyə qarşı etimadsızlıq yaradır ki, deməli, əgər bu ölkə silahlanıbsa, deməli, qonşularına qarşı mütləq hücum həyata keçirə bilər. Ona görə də qonşu ölkələr də avtomatik şəkildə daha çox silahlanır. Bu da bütün regionda silah yarışına və regional təhlükəsizlik mühitinin təhdid altında olmasına gətirib çıxarır”.

S. Zahidov vurğulayıb ki, indiki halda ABŞ-nin bu əməli, Ermənistana maddi yardım göndərməsi, hərbi müşavirlərini yollaması, silah təminatı və s. amillər, sözsüz ki, Azərbaycanı da adekvat tədbirlər atmağa sövq edəcək:

“Eyni zamanda, rəsmi Azərbaycanın ABŞ-nin sülh çağırışına olan etimadını zədələmiş olacaq. Bu da sözsüz ki, regional sabitliyə və təhlükəsizliyə mənfi töhfə vermiş olacaq. Bu baxımdan, ABŞ daha obyektiv və balanslı siyasət yürütməli və Azərbaycanın, eləcə də regional dövlətlərin maraqlarını nəzərə alaraq, addımlar atmalıdır”.

Rafi Müslümov