Dekabrın 31-i Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Artıq üçüncü ildir ki, biz azərbaycanlılar əvvəlki illərdən fərqli olaraq, həmin günü qalib xalqın mənsubları kimi qeyd edirik. Uca Allah bu hissi bizlərə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin. Əldə etdiyimiz Zəfərə görə xalqımızın möhtəşəm birliyinə, bu tarixi birliyi sarsılmaz təməllər-qarşılıqlı inam və etibar üzərində ucaldan Müzəffər Ali Baş Komandanımıza, onun qətiyyətli lider keyfiyyətlərinə və sərkərdəsi olduğu qəhrəman Ordumuza borcluyuq. Allah Xalqımızı, Prezidentimizi, Ordumuzu qorusun!
Yenicag.az xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.
Deputat qeyd edib: Qələbə əhval-ruhiyyəsi ilə qeyd etməyə hazırlaşdığımız Həmrəylik Günündə onu da unutmamalıyıq ki, bu tarixi Zəfər hansı əzab-əziyyət, hansı fədakarlıqlar hesabına başa gəlib. Milli kimliyimizi, milli qürurumuzu qorumaq və tarixi ədaləti bərpa etmək üçün kimlərin, hansı məkrli dairələrin müqavimətini qırmalı olmuşuq. Prezident İlham Əliyev bu il aprelin 22-də onun şəxsi təşəbbüsü ilə Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında-Zəfər Qurultayında bu tarixi gerçəkliyi belə ifadə etmişdi: “Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq”. Amma bu Qələbəyə qədər, üç onillik ərzində milli mənsubiyyətimizlə nə qədər qürur duysaq da, onu sınağa çəkənlərin qarşısında hər zaman sıxılırdıq. Harada yaşamağımızdan və hansı sahədə çalışmağımızdan asılı olmayaraq, bu, hər birimiz üçün belə idi. Cənab Prezident Zəfər Qurultayında bu həssas məqama xüsusi diqqət yetirdi: “Biz otuz il torpaqları işğal edilmiş ölkə kimi yaşamışıq. Bu, bizim üçün çox ağır idi. Mənim üçün Prezident kimi, hər bir vətəndaş üçün, sizin üçün-xaricdə yaşayan azərbaycanlılar üçün… Ancaq bu gün vəziyyət tam başqadır. Bu gün alnımız açıqdır, bu gün üzümüz gülür, bu gün başımız dikdir və həmişə belə olacaq”.
Ü.Quliyev bildirib ki, hər birimizə qürur hissini yaşadan tarixi Zəfər sayəsində artıq Zəngəzur dəhlizindən əminliklə danışırıq. Bu, qalib Azərbaycanın haqlı tələbi və məğlub edilmiş işğalçı Ermənistanın rəsmən üzərinə götürdüyü öhdəliklərdən biridir. Şərq-Qərb dəhlizinin, Orta Dəhlizin mühüm həlqəsi olan Zəngəzur dəhlizinin açılışı həm də yeni geosiyasi və geoiqtisadi proseslərin tələbidir. Bu cür təmayüllərin arxasında hər zaman tarixi zərurətdən doğan reallıqlar dayanıb və indi də belədir. Qalib Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı haqlı tələbinin geosiyasi maraqlarla üst-üstə düşməsinin təməlində Prezident İlham Əliyevin milli maraqlarımıza xidmət edən praqmatik dövlət xadimi düşüncəsi və azərbaycançılıq ideologiyası dayanır. Vaxtilə Zəngəzuru ermənilərə peşkəş edənlərin varisləri və Ermənistanın bugünkü havadarları da yaxşı bilirlər ki, bu dəhliz açılmadan, sıx iqtisadi inteqrasiya əlaqələri təmin olunmadan Cənubi Qafqazda dayanıqlı sülhü təmin etmək asan olmayacaq. Zəngəzur dəhlizinin açılması ilə bağlı əminliyimiz həm də bu tarixi gerçəkliyə söykənir və bu gerçəklik bölgəmizdə, həqiqətən də, sülh, əmin-amanlıq, rifah görmək istəyən bütün dövlətlərin marağındadır.
Əldə etdiyimiz tarixi Zəfərin yaratdığı reallıqdan çıxış edərək Prezident İlham Əliyev dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu fikirləri də xüsusi qeyd etdi: “Bu hərbi əməliyyat nəticəsində bizim tarixi şəhərlərimiz bu gün artıq vizual müşahidə yolu ilə gözümüzün önündədir. Bu gün biz artıq Bala Göyçənin sahilindəyik. Bu gün biz Göyçə gölünü binoklsuz görürük. Birincisi, hesab edirəm ki, bu, ədalətlidir. İkincisi, sentyabr toqquşmaları bizi gələcəkdə böyük problemlərdən sığortalayacaq”.
Bu fikirlər əsrlər boyunca etnik təmizləmələrə və soyqırımı cinayətlərinə məruz qalan xalqımız üçün olduqca həssas olan məsələlərdəndir. Ulu Öndər Heydər Əliyevin xalqımızın və müstəqil Azərbaycanın taleyində həyata keçirdiyi xilaskarlıq missiyası tariximizə Milli Qurtuluş Günü kimi həkk olunub. İnşallah, gün gələcək, Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan ziyalılarla keçirdiyi görüş tarixi-24 dekabr xalqımız tərəfindən Tarixi Qayıdış Günü kimi qeyd olunacaq. Eynilə cənab Prezidentin çıxışında qeyd etdiyi kimi: “İndi Qarabağ üzrə Böyük Qayıdış Proqramı icra edilir. İnşallah, vaxt gələcək, biz ikinci Böyük Qayıdış Proqramını da işləyəcəyik”.