“Vaxtanq Kikabidzenin kostyumunu mən tikmişəm” – məşhurların dərzisi danışdı

Bu gün dərzilərə üz tutanların sayı az olsa da, işini həvəslə, sevə-sevə yerinə yetirənlər kifayət qədərdir. Biz də sənətinin ustası olan dərzi sorağı ilə gəlib, kiçik bir emalatxanaya çıxdıq. Bura – ömrünün 35 ilini bu peşədə keçirən dərzi Etibar Əliyevin atelyesidir. Əslən Bakıdan olan 55 yaşlı sənətkarı şəhərdə az qala hamı tanıyır. Olduqca mehriban, söhbətcil adamdır. Elə ilk sualdan o qədər səmimi, ətraflı cavablar verdi ki, söhbətimizin Yeniçağ.az saytının oxucuları üçün də maraqlı olacağına əminik.

– 35 ildir ki, dərziliklə məşğulam. Özüm də geyinib-keçinən olmuşam deyə, istəmişəm ki, üstüm həmişə səliqəli olsun. Təsəvvür edin ki, dərziliyin peşə məktəbindən, ta ali məktəbinə qədər oxumuşam (gülür).

– 35 il az müddət deyil. Bu illər ərzində hansısa müştərinizlə aranızda narazıçılıq yaranıbmı?

– Yox, heç vaxt heç bir narazıçılıq olmayıb. Yəqin ki, hansısa müştərim məndən narazı olsaydı, bu işi atardım. Ardınca getməzdim.

– Etibar müəllim, məşhurlardan kimlər sizə kostyum tikdirib?

– 1980-ci illərdə təyinat üzrə Mədəniyyət Nazirliyinin atelyesində işləmişəm. O vaxtlar Polad Bülbüloğlu “Aşıqlar qrupu”nun bədii rəhbəri olanda onun kostyumunu, Zeynəb Xanlarovanın ansamblının, “Qaya” vokal qrupunun geyimlərini tikmişəm. Daha sonra 1984-85-ci illərdə gürcü müğənni Vaxtanq Kikabidze ölkəmizdə qastrol səfərində olanda təsadüfən bizim atelyeyə gəlmişdi. Onun kostyumunu tikmək mənə nəsib olub. Hətta konsertin afişalarındakı şəkildə mənim tikdiyim kostyumdadır. Müğənni Arzu Rzayevə iştirak edəcəyi tədbirdəki səhnəcik üçün qara atlasdan köynək tikmişdim. Bundan əlavə, əməkdar incəsənət xadimi dirijor Nəriman Əzimovun və Niyazinin, Oqtay Ağayevin kostyumlarını da tikmişəm. Rəhmətlik Elçin Cəlilov dünyasını dəyişənə qədər mənim müştərim idi.

– Ən kaprizlisi hansı idi?

– Oqtay Ağayev. “Primerkaya” gələndə kostyumu geyinərdi, əgər qanı qaraydısa, nəsə nöqsanlar axtarmağa başlayırdı. Artıq hamının xasiyyətini bilirdim. Deyirdim ki, “Oqtay müəllim gedin, sabah gələrsiniz”. Səhəri gün artıq özüm onu qabaqlayıb deyirdim ki, “baxın, siz düz deyirdiz, burda bir az əyrilik vardı, düzəltdim”. O da qayıdır ki, “hə, bu, başqa məsələ”. Əslində, hər şey olduğu kimi qalırdı, heç əlimi də vurmurdum.

– Bəs bu gün hansı məşhurlarla işləyirsiz?

– ATV-dən aparıcı Samir Bayramlı, müğənni Ülvi Qılınc müştərimdir. Bəzi kanal rəhbərlərinin də brend kostyumlarını düzəltmişəm.

– 35 ilin ustasının xatirələri bitməz…

– Rəhmətlik Nəriman Əzimovla aktyor Səyavuş Aslan tez-tez yanıma gələrdi. Onlar işlədiyim yerə yaxın yaşayırdılar deyə, gəlib saatlarla oturub söhbət edərdilər. İnanın, onların söhbətləri o qədər duzlu-məzəli idi ki… Hə bir də… yadıma düşmüşkən, rəhmətlik aktyor Elçin Həmidov da mənim müştərim idi. Tikdiyim kostyumları onların əynində görəndə inanın, o qədər fərəhlənirdim ki…

– Ən ucuz və bahalı kostyumu neçəyə tikirsiniz?

– İmkana baxır da. İmkanı olmayanı durub qovmayacam ki. Doğrusu, parçanın qiymətindən asılıdır. Amma parçanı özü gətirərsə, qiymət standartdır: 150 manat. Necə deyərlər, mən öz işimdə pərgaram, siz öz işinizdə. Jurnalistika da çətin peşədir ha… Orda da hər adam baş çıxara bilməz.

– Övladları Etibar ustanın işini davam etdirirlərmi?

– (Gülür)… Əlbəttə, qızım da, oğlum da dərzidirlər. Nigar ən çox gəlinlik paltarları tikir. İlqar isə atası kimi kişi geyimləri… İstəyirəm ki, oğlum mənim yolumu davam etdirsin. Əslində, İlqar skripka üzrə təhsil alıb. Ancaq mənim məsləhətimlə bu peşəyə daha çox üstünlük verdi. Düşünürəm ki, oğlum da mənim kimi yaxşı usta olacaq.

– İlqarla yola gedə bilirsiniz?

– Düzdü, bəzən nədəsə narazılıq edir, təkliflər irəli sürür. Mən də inad etmirəm, razılaşıram. Oğlum çox vaxt mənə qalib gəlir.

– Həyat yoldaşınızla ailə quranda dərzi olduğunuzu bilirdi?

– Bilirdi, normal da qəbul etdi. Həyat yoldaşım həkimdir, ancaq işləmir.

– İlqardan və Nigardan başqa tələbəniz olubmu?

– Bəli, üç tələbəm olub. İndi də yaxşı yerlərdə işləyirlər və mənim qədər tanınıblar (gülür).

– Maraqlıdır, dərzi Etibar öz kostyumlarını hazır alır, yoxsa tikir?

– Yox, tikirəm. İşim çox olanda isə dərzi dostlarıma müraciət edirəm. İnanın mənə, işim nə qədər çox olursa, bir o qədər həvəslənirəm. Onların öhdəsindən gəldikdən sonra elə zövq alıram ki… Mənim üçün əsas tanınmaq və hörmətdir. İstərdim ki, İlqar da mənim kimi iz qoya bilsin.

Gülnarə Eynullaqızı
Yeniçağ.az