“Vaxtilə Sarkisyan nə deyirdisə, indi Paşinyan onları təkrarlayır” – Elxan Şahinoğlu

“Paşinyanın sözlərindən bu anlaşılır ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı deyil”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Ermənistanın baş naziri Nikol Paşinyanın İtaliyanın “Corriere della Sera” nəşrinə müsahibəsində Türkiyə ilə münasibətlərin normallaşdırılmasına dair fikirlərini və Rusiyanın bu məsələyə dair rolunu çərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyanın qeyd olunan müsahibəsində Türkiyəni hədəfə götürməsində gözlənilməz heç nə yoxdur:

“Paşinyan İtaliya mətbuatındakı müsahibəsində yeni heç bir şey deməyib. Vaxtilə Sarkisyan nə deyirdisə, Paşinyan da onu təkrar edir.

Ümumiyyətlə isə bunu Paşinyan yox, Avropa mətbuatı gündəmə gətirir. Paşinyan da onlara cavab verir. Faktiki olaraq, Paşinyanın sözlərindən bu anlaşılır ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlı deyil.

Rusiyanın ümumi mövqeyi belədir ki, Moskva Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında maraqlıdır. Amma Rusiya da bu məsələdə iki dövlətin heç birinə təsir etmir.

Belə baxanda, bunun özü Rusiyanın maraqlarına cavab vermir. Çünki onda Türkiyə-Ermənistan münasibətlərində iqtisadi amil ön plana çıxa bilər. Bu isə Rusiya üçün qəbuldeilməzdir”.

Aqil Bəkir