!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“VAZ dairəsi”ndəki dəyişiklik problem yaradır: "Bu, əlavə vaxt itkisi, yanacaq xərci deməkdir" - REAKSİYA

!Reklam – Yazi

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri paytaxtın mərkəzindən təhsil aldıqları universitetə gələn yeganə vasitə olan olan 199 nömrəli marşrut avtobusunun yolunun bağlanmasına etiraz ediblər. Avtobusların yolunun bağlanmasının səbəbi isə Bakı-Sumqayıt yolundan Xırdalan şəhərinin şimal-şərq tərəfinə girişi təmin edən məşhur “VAZ dairəsi”ndəki hərəkət sxemində edilmiş dəyişiklik olub.

Yenicag.az xəbər verir ki, bu məsələ ilə bağlı nəqliyyat eksperti Ərşad Hüseynov öz fikirlərini bölüşüb.

O, nəzərdə tutulan dəyişiklikliyin uğursuz olduğunu və hərəkət şəraiti bərbad olan, pik saatlarda həmişə tıxanan Xırdalan və Masazır dairələrinin daha da pis duruma düşəcəyini bildirib:

“Bir neçə gün əvvəl edilən dəyişiklikdən sonra oradakı körpünün üstünə qalxaraq sola, Xırdalana dönmək ləğv edilib. İndi Xırdalana oradan getmək istəyənlər körpüyə çatmamış sağa çıxmalı, Saray qəsəbəsinə doğru xeyli məsafə getməli, geriyə dönməli və Xırdalana doğru qayıtmalıdırlar. Beləliklə, həmin istiqamətdən Xırdalana daxil olmaq, Bakı Mühəndislik Universitetinə getmək istəyənlərin, o cümlədən həmin istiqamətdə hərəkət edən marşrut avtobuslarının yürüş məsafəsi 4-6 km artıb.

Problem təkcə bu deyil. Hazırda 200 mindən çox insanın yaşadığı Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan cəmi 3 giriş-çıxış var. Onlardan birində hərəkətin belə əlverişsiz vəziyyətə gətirilməsi həmin giriş-çıxışın bütün yükünü digər ikisinin – Xırdalan və Masazır dairələrindən giriş-çıxışın üstünə atacaq. Bu da öz təsirini Bakı-Sumqayıt yoluna göstərəcək. Üstəlik, Xırdalanın şimal tərəfinə getmək istəyənlər Xırdalan və Masazır dairələrindən daxil olsalar, Xırdalanın daxili küçələrini başa qədər getməli olacaqlar. Bu da onsuz da hərəkət etmək çətin olan Xırdalan küçələrini daha da keçilməz edəcək.

Onu da qeyd edim ki, nəqliyyat axınının yürüş məsafəsinin belə ciddi artması insanların əlavə vaxt itkisi, əlavə yanacaq xərci deməkdir. Belə dəyişiklikdən sonra Saray tərəfdəki geriyə dönmə yeri də əlavə yüklənəcək, orada sıxlıq və qəza şəraiti yaranacaq. Belə dəyişiklik Bakıdan Saray və Novxanı istiqamətlərinə gedənlər və o istiqamətlərdən gələnlər üçün əlverişlidir. Amma sadaladığım arqumentlər və ümumi maraq nəzərə alınanda edilmiş dəyişiklik səmərəsizdir və yeni problemlər yaradacaq.

Ona görə də səlahiyyətli qurumlar hərəkət sxemini əvvəlki vəziyyətə gətirməlidirlər”.

Gülşən Şərif

www.yenicag.az

472
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv