“VECON” Avropa brendi olan Rusiya nəhəngi ilə birgə işləyəcək

Azərbaycanın aparıcı qiymətləndirmə şirkətlərindən olan “VECON” Qiymətləndirmə şirkəti Rusiyanın ən böyük qiymətləndirmə mərkəzi – “International Valuation Centre” ASC (Beynəlxalq Qiymətləndirmə Mərkəzi) ilə rəsmi müqavilə imzalayıb.

Yenicag.az xəbər verir ki, Azərbaycan şirkətinin yeni partnyoru eyni zamanda dünyada tanınmış RICS, REV, CCIM İnstitute, FIABCI, TEGoVA kimi brendlərlə əməkdaşlıq edir.

Müqavilənin şərtləri ilə bağlı SOSİUM.az-a danışan “VECON” qiymətləndirmə şirkətinin direktoru Vüqar Oruc bildirib ki, qarşılıqlı əməkdaşlığı özündə ehtiva edən razılaşma biznes, təlim, sertifikatlaşdırma və digər sahələri əhatə edir:

“Beynəlxalq Qiymətləndirmə Mərkəzi Rusiyanın ən böyük qiymətləndirmə mərkəzidir. Qurumun Avropa şirkətləri ilə sıx əməkdaşlığı, Beynəlxalq Qiymətləndirmə Standartları Komitəsində təmsilçiliyi var. Bu qurum dünyanın ən nüfuzlu qiymətləndirmə mərkəzlərindən biridir. Biz iki ay öncə razılığa gəlmişdik ki, həm Rusiya, həm də Azərbaycan bazarında birgə fəaliyyət, peşəkar mütəxəssislərin yetişdirilməsi istiqamətində səylərimizi birləşdirək və indi bağladığımız sazişlə sözügedən məramımızı təsdiqlədik”.

Azərbaycan bazarında Rusiyanın nüfuzlu qiymətləndirmə şirkəti ilə ilk dəfə olaraq belə ciddi məqsəd və məramı olan bir razılaşmanın imzalandığını deyən “VECON” rəhbərinin sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar və peşəkar xidmət sahələrinin yeni şəraitə uyğunlaşma zərurəti digər sahələrdə olduğu kimi, qiymətləndirmə sahəsində də yenilikləri qaçılmaz edir:

“Bilirsiniz ki, son illər Azərbaycanda qiymətləndirmə bazarına olan maraq artıb. Bizim məqsədimiz ölkədə peşəkar qiymətləndirmə meyarlarını yeni tələblərə və inkişaf tempinə uyğun formalaşdırmaq, peşəkar kadrların yetişməsinə tövhə vermək, qiymətləndirmə bazarını təsadüfi şəxslərdən xilas etməkdir. Bunu inzibatı yolla da, təbii seçimlə də etmək olar. Yaxşı olardı ki, qiymətləndirmə bazarını tənzimləyəcək yeni qanun qəbul olunsun və qonşu dövlətlərin təcrübəsi öyrənilmək şərti ilə bir sıra addımlar atılsın. Yeri gəlmişkən onu da qeyd edim ki, ölkəmizdə qiymətləndirmə və qiymət siyasəti istiqamətində təməlçi sayılan, Milli Məclisin deputatı, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin əsasını qoyan professor Xanhüseyn Kazımlı yeni qanunun qəbul edilməsi üçün qanunvericilik təşəbbüsü ilə çıxış edib. Tənzimləmə olmazsa, bu sahədə biznes maraqları peşəkar yanaşma üçün ciddi təhlükə olacaq. Qiymətləndirmə tələb olunan müəssisələrin hər biri tərəfindən özünə bağlı olan şirkətlər yaradılır və tədbirlər görülməzsə, yaxın zamanda bazarda müstəqil şirkətlərin azlıqda qalmasının şahidi olacağıq. Biz bu istiqamətdə pessimist deyilik və inanırıq ki, bazarda ciddi mövqeyə malik şirkətlərin, peşəkar birlik olan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin və dövlətimizin müvafiq qurumlarının birgə səyi ilə hadisələrin inkişafı müsbət məcraya yönələcək. Son olaraq onu da əlavə edim ki, “International Valuation Centre” ASC (Beynəlxalq Qiymətləndirmə Mərkəzi) ilə bağladığımız müqavilə bu qurumun 30 ilə yaxın müddətdə toplanmış təcrübəsini, Rusiya qiymətləndirmə bazarını, bu sahədə qanunvericiliyi dərindən öyrənməklə rusiyalı həmkarlarımızla təcrübə mübadiləsinin aparılmasını nəzərdə tutur. İnanırıq ki, qısa müddətə qarşıya qoyduğumuz hədəflərə nail olacağıq və əməkdaşlığımız hər iki ölkənin müvafiq peşəkar qurumları üçün müsbət nəticələr verəcək”.