Sentyabrın 13-də “Vəfa” Sosial İctimai Birliyinin təşkilatçılığı ilə 6 imkansız ailənin övladı üçün sünnət mərasimi keçirildi. Mərasim Xırdalan şəhərində yerləşən “Sultan” şadlıq sarayında baş tutdu.
“Vəfa” Sosial İctimai Birliyinin keçirdiyi xeyriyyə tədbirində tanınmış şəxslər də iştirak edirdi. Onların arasında millət vəkili Adil Əliyev, “Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Abşeron İcra Hakimiyyətinin nümayəndələri, QHT təmsilçiləri, media nümayəndələri və sünnət olunan uşaqların ailələri vardı.
Xeyriyyə tədbiri Azərbaycan Dövlət Himninin səsləndirilməsilə açıq elan olundu.
Tədbiri giriş sözü ilə açan “Vəfa” Sosial İctimai Birliyinin təsisçisi Vəfa Əsədova mərasimdə iştirak edən hər kəsi salamladı. O belə bir tədbirin keçirilməsinin mahiyyəti barədə məlumat verdi və qeyd etdi ki, rəhbərlik etdiyi təşkilat imkansız ailələrin vəziyyəti ilə maraqlanıb: “Həmin ailələrin sosial vəziyyətini araşdırandan sonra belə qərara gəldik ki, onların övladları üçün sünnət mərasimi keçirək. Sünnət olunacaq uşaqların bəzisi atasızdır. Ailə başçısı olmayan qadınlara dəstək olmaq üçün belə bir işə başladıq. Bu işdə bizə təşkilatımızın üzvləri dəstək oldu. Sünnət olunacaq uşaqlardan ən kiçiyi 8 aylıqdır, böyüyünün isə 13 yaşı var”.
V.Əsədova xeyriyyə tədbirinin keçirilməsində onlara dəstək olan “Sultan” şadlıq sarayına və onun rəhbəri Anar Məmmədova təşəkkür etdi.
Xeyriyyə tədbirində iştirak edən millət vəkili Adil Əliyev “Vəfa” Sosial İctimai Birliyinin təsisçisinə və rəhbəri Fatimə Hacıbəyliyə təşəkkür edərək bildirdi ki, onlar bu işi görməklə maddi vəziyyəti ağır olan ailələrə dayaq oldular: “Xalqımızın milli adət-ənənələrinə uyğun olaraq aztəminatlı ailələrin övladlarının sünnət mərasiminin keçirilməsi təqdirəlayiqdir. Bu işdə əməyi keçən hər kəsə təşəkkür edirəm. Sünnət olunacaq körpələrə can sağlığı, xoşbəxtlik arzulayıram. Valideynlərini isə bu münasibətlə təbrik edirəm”.
“Vəfa” Sosial İctimai Birliyinin rəhbəri Fatimə Hacıbəyli çıxış edərək qeyd etdi ki, təşkilat belə bir xeyriyyə işlərini görməkdə davam edəcək: “Uşaqların sünnət mərasimi Əjdər Məlikov adına 6 saylı şəhər xəstəxanasında baş tutacaq. 8 gözəl bala sünnət olunacaq. Uşaqları sünnət edəcək həkim Oruc Şəfiyevdir. Biz ona da öz təşəkkürümüzü bildiririk ki, bu işdə bizə dəstək oldu”.
Şəbnəm Naili və Həmzə Məmmədlinin aparıcılığı ilə keçirilən tədbirdə Vüqar Muradov, Tural Əzimov, İradə Mehri, “Gilavar” və “N brotrers” qrupu iştirak edirdi. Müğənnilər səsləndirdiyi şən mahnılarla mərasimdə iştirak edənləri əyləndirdilər.
Qeyd edək ki, xeyriyyə tədbirində “Vəfa” Sosial İctimai Birliyinin üzvü Asif Qasımovun əl işlərindən ibarət sərgi də təşkil olunub.