Amerikalı turist vəhşicəsinə qətlə yetirilib.
Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, qadağan olunmuş Şimali Sentinel adasını ziyarət edən 27 yaşlı Con Allen Çou vəhşi qəbilə tərəfindən oxla ovlanıb.
Belə ki, ilk əvvəl Andaman və Nikobar adalarına səyahət edən turist daha sonra 16 noyabr tarixində balıqçı ilə birlikdə kiçik bir qayığa minərək adaya gedib. Con adaya çatanda başına gələcəklərdən xəbərsiz idi.
Qəbilə üzvləri turisti oxla yaralayaraq daha sonra boynuna ip keçirib və saatlarla qumun üzərində sürüyüblər. Conu daha sonra quma basdıran sentinellilər ona ölənədək işgəncə veriblər.
Hindistanın Çennai şəhərindəki ABŞ konsulu cəsədin götürülməsi üçün müvafiq qurumlara müraciət etdiklərini bildirib. Polislərdən biri isə Conun daha əvvəl də adaya səfər etdiyini və qəbilə üzvləri ilə ünsiyyət qurmağa çalışdığını deyib.
Qeyd edək ki, Şimali Sentinel adasına giriş rəsmi şəkildə qadağan olunub. Adada yaşayanlar xarici dünyadan gələnləri qəbul etmir və onlara qarşı aqressiya nümayiş etdirirlər.