Vəkilliyin hörməti niyə yoxdur? – Azərbaycanda

Avukat-Cübbesi-ÖzellikleriMüzəffər Baxışov: “Cəmiyyətin özü çürük olduğundan əksər hüquqşünaslar da vəkilliyə meyl etmirlər”

Azərbaycanda hələ də vəkillik institutu zəif olaraq qalır. Bu gün ABŞ-da 950 adama bir nəfər vəkil düşür. Eyni socialist cəbhəsindən çıxmış Polşa belə vəkillərin sayına görə Azərbaycandan qat-qat irəlidədir. Azərbaycanda 17 min insana bir vəkil düşür.

Görəsən, niyə ölkəmizdə vəkillik institutuna maraq bu qədər azdır? Prosesi ləngidən nədir?

“Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri Müzəffər Baxışov Yenicag.az-a açıqlamasında ölkəmizdə vəkillərin sayının az olmasını cəmiyyətin çürük olmasında, korrupsiyalaşmış məmur təbəqəsinə üstünlük verməsində axtarmağı lazım bildi: “Azərbaycan hələ indi-indi vəkillərin sayının artırılmasına çalışır. Bununla bağlı hər il Vəkillər Kollegiyası tərəfindən imtahanlar da keçirilir. Nəticədə son dövrlər vəkillərin sayında müəyyən artımlar baş verib. Amma belə götürəndə, dünyanın hüquqi dövlətlərilə müqayisə edəndə, ölkəmizdə vəkillərin sayının əlbəttə ki, az olduğu üzə çıxır. Bu da bir neçə səbəbdən irəli gəlir. Birincisi odur ki, Azərbaycanda bu fəaliyyət növü ilə məşğul olmaq istəyənlər də azdır. Azərbaycanda hüquqi təhsil əldə edənlərin əksəriyyəti çalışır ki, hüquqşünas kimi dövlət orqanlarında çalışsın, hakim, prokuror olsunlar.

Real vəziyyət elədir ki, dövlət orqanlarında çalışan hüquqşünaslar rüşvət aldıqlarına görə özlərinə daha yaxşı həyat şəraiti qurub, daha yaxşı yaşaya bilirlər. Cəmiyyətin özü də çürük cəmiyyət olduğundan belə korrupsionerlərə daha böyük hörmət bəsləyirlər. Ona görə də əksər hüquqşünaslar vəkilliyə meyl etmir. Habelə, Azərbaycanda müstəqil məhkəmə hakimiyyəti mövcud olmadığından vəkillərin də fəaliyyətində ciddi problemlər yaranır, hüquqa söykənən vəkillər özlərinin normal həyatını qura bilmir. Bütün bunlar ölkəmizdə vəkillərin sayına da öz mənfi təsirlərini göstərib. Bunun üçün ölkəmizdə hüquqi dövlət quruculuğu sahəsində ciddi addımlar atılmalı, müstəqil məhkəmə hakimiyyəti formalaşmalı, vəkillik fəaliyyəti üçün geniş imkanlar yaradılmalıdır. Bunlar baş vermədən ölkədə vəkillərin sayının real olaraq artması da baş verməyəcək. Bu baş verərsə, özünə hörmət bəsləyən hüquqşünaslar vəkillik fəaliyyətinə üstünlük verəcəklər”.

ELÇİN