“Velosiped yollarından istifadə üçün bu addımlar atılacaq – Sədrdən TƏKLİF

Bu gün Bakı Konqres Mərkəzində “Azərbaycan Könüllülük Həftəsi 2024”-ün başlanması ilə əlaqədar mətbuat konfransı keçirilib.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının (AKTİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Azərbaycan Könüllülük Həftəsi 2024”-ə start verilib.

5-16 dekabr tarixlərini əhatə edəcək sayca 7-ci “Azərbaycan Könüllük Həftəsi” Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “ASAN Xidmət” və IDEA İctimai Birliyi ilə əməkdaşlıq çərçivəsində təşkil olunur.

Konfransda Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Səyyarə Məmmədova, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elşən Qəhrəmanov, “ASAN Xidmət”-in nümayəndəsi Əsli İbrahimli, Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva və Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev və media nümayəndələri iştirak ediblər.

V. Niftəliyeva könüllülərin fəaliyyətini yüksək qiymətləndirib və onlara təşəkkürlərini çatdırıb.

V. Əliyev isə bildirib ki, könüllük təcrübəsi MDB məkanında seçilən fəaliyyət sahəsidir və ilk sıralardadır. Eyni zamanda o vurğulayıb ki, Azərbaycanda könüllülük fəaliyyəti bir sıra ölkələrdən fərqli olaraq qanun çərçivəsində təmin edilir. Həmçinin xüsusi olaraq qeyd edib ki, hədəf könüllülərin bacarıqlarının artırılmalısıdr. Əlavə olaraq o, “Yaşıl zolaq” layihəsi çərçivəsində şəhərimizdə salınan velosiped yollarından istifadə üçün könüllülər tərəfindən təşviqat kampaniyasının aparılacağını diqqətə çatdırıb.

S. Məmmədova söyləyib ki, ekoloji aksiyalar təşkil ediləcək, könüllülər tərəfindən rayonlarda ağaclar əkiləcək, həmçinin tullantılar toplanaraq yenidən istehsala, yaxud yaradıcı bacarıqların inkişaf etdirilməsi üçün istifadə ediləcək.

Konfransda bildirib ki, bu il keçiriləcək “Könüllülük Həftəsi” çərçivəsində ölkənin bir çox şəhər və rayonlarında 20 mindən çox könüllü birləşərək bir sıra ekoloji aksiyalar, sosial təşəbbüslər və maarifləndirici tədbirlər təşkil edəcək. Əlavə olaraq vurğulanıb ki, “Könüllülük Həftəsi” Azərbaycan gəncliyinin sosial məsuliyyətini, ictimai həyatda iştirakçılığını gücləndirmək və könüllülük mədəniyyətini inkişaf etdirmək, həmçinin ətraf mühitin qorunması mövzusunda həmrəyliyin artırılmasını hədəfləyir.

Eyni zamanda, ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində qəbul olunan qərarların Azərbaycanda və beynəlxalq səviyyədə həyata keçirilməsində könüllülərin rolunun vacib və çoxşaxəli olduğu qeyd edilib. Könüllülərin iqlim dəyişikliyi ilə mübarizə, davamlı inkişaf məqsədlərinin həyata keçirilməsi üçün iştirak etdiyi müxtəlif təşəbbüslər və fəaliyyətlərin həm yerli, həm də qlobal səviyyədə əhəmiyyət daşıdığı söylənilib.

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutacaq layihə və tədbirlər “Yaşıl Dünya”, “Vətənpərvər Könüllü”, “Yaşıl enerji”, “Sağlam həyat”, “İnsanyönümlü şəhər və mobillik”, “Eko təşəbbüslər”, “Təmiz şəhər”, “Yaşıl dünya üçün birlik”, “Eko mədəniyyət”, “Eko maarifləndirmə”, “COP29 Könüllülərin gözü ilə”, “Beynəlxalq arenada Azərbaycan könüllülüyü” mövzularına həsr olunacaq. Həftənin bu mövzular əsasında həyata keçirilməsi, yalnız ekoloji mühitin yaxşılaşdırılmasına deyil, həm də cəmiyyətimizdə gənclərin ekoloji problemlərə diqqətini cəlb olunmasına və onların ekologiyanın qorunmasına qarşı daha məsuliyyətli yanaşmasının güclənməsinə xidmət edəcək.

Qeyd edək ki, 2018-ci ildən etibarən hər il 5 dekabr – Beynəlxalq Könüllülər Günü ərəfəsində keçirilən və artıq ənənə halını almış “Azərbaycan Könüllülük Həftəsi” Azərbaycan Respublikasının Gənclər Fondu və tərəfdaş qurumların dəstəyilə təşkil olunur. Keçirilən tədbirlər könüllülərə yalnız şəxsi inkişaf fürsətləri təqdim etməklə kifayətlənmir, həm də onları cəmiyyətdə müsbət dəyişikliklərin əsas qüvvəsi kimi rolunu möhkəmləndirir.

“Azərbaycan Könüllülük Həftəsi 2024” çərçivəsində baş tutacaq bütün fəaliyyətlərlə bağlı Azərbaycan Könüllü Təşkilatları İttifaqının sosial media hesabları vasitəsilə daha ətraflı məlumat əldə etmək mümkündür.

Nəsimi Ələsgərli