Venesiya – azadlıq quşları

Azərbaycanla İtaliya arasında əlaqələrin tarixi uzaq keçmişə gedir. Məşhur italyan səyyahı Marko Polonun Mərkəzi Şərq və Orta Asiya yolu ilə Çinə etdiyi səfər zamanı Azərbaycandan keçməsi ehtimalı, orta əsrlərdə Böyük İpək Yolu ilə Azərbaycan ərazisindən italyan tacirlərinin karvanlarının keçməsi bu tarixi həqiqəti təsdiqləyir.

Müasir dövrdə əlaqələrin inkişafı da öz aktuallığı ilə davam edir. Afrikaya səyahət zamanı 1989-cu ildə Tunisin Klivia şəhərindən katerlə İtaliyanın Trapanı şəhərinə gəldikdə ağlıma belə gəlməzdi ki, Palermodan Romaya gedən qatar Neapoldan keçərək, əbədiyyətə qovuşan Məhəmməd Əsəd bəy (Kurban Səid) Pozitano şəhərindən yan keçəcək. Məhz həmin gecə ərəb və afrikalılarla dolu olan qatarda mən də əyləşmişdim. Gecə vaxtı üç italyanlı bacı ilə atanın ayaqüstə durduqlarını gördüm. Dərhal ayağa qalxaraq, onlara yer verdim. Onlara qeyri-adi görünsə də, bu, bizim ailədəki tərbiyədən irəli gələn bir adət idi. Onlar təşəkkür edərək, hey mənə tərəf baxırdılar. Qatar səhər Romaya çatdıqda, mən onlarla sağollaşıb, vizit kartımı verdim. Üstündən bir neçə ay keçmiş, yeni ildə italyan dilində, o vaxt üçün çox qəribə olan, musiqili yeni il təbriki aldım. İtalyan dilini bilmədiyimdən o dövrlər Almaniyaya getdikdə, oradakı dostlardan tərcümə etməyi və cavab məktubu göndərməyi xahiş edirdim. Əfsuslar ki, Sovetlər Birliyi dönəmi olduğu üçün yazışmanı mütəmadi davam edə bilmədiyimdən ünvanı da unutdum.

Bəlkə də yazdığım kitab və məqalələri oxuyanda bu hadisəni bilənlər məni yada salarlar. Onsuz da macəra dolu Əsəd bəyin həyatında o qədər keşməkeşlər olub ki, biz oxucu və tədqiqatçılar buna alışmışıq. Əsəd bəyin italyan həyatı birdə ona görə maraqlıdır ki, onun heç vaxt ağlına belə gəlməzdi ki, nə vaxtsa Bakı ilə Neapol şəhəri tərəfdaş şəhər statusunda dostluq edəcək və Bakıda Neapol prospekti deyilən enli küçə salınacaq. Axı Əsəd bəyin yaşadığı Pozitano Neapola bağlılığı ilə yanaşı, onun bir addımlığında, dəniz kənarında yerləşən kiçik bir şəhərdir.

Digər bir təsadüf isə 2002-ci ildə, Roma Papasının Bakıya səfəri ərəfəsində Pozitano şəhərindən olan kardinalın “Hayyat” hotelində Zaur Fərhadovla tanış olması və bu görüşün onun Vatikanın dəstəyi ilə İtaliyada təhsil alması ilə nəticələnməsidir.

Növbəti təsadüf isə, Əsəd bəyin 2005-ci ilin oktyabr ayında Bakıda keçirilən yüzillik yubileyinə təşrif buyurmuş professor Romalo Ercolinonun xanımı ilə bizim evə qonaq gələndə “Bilirsiniz, biz Fəvvarələr bağında gəzdikdə “Əli və Nino” kitab mağazası ilə rastlaşdıq” sözlərinin məni də çaşdırmasıdır. Yubiley ərəfəsində açılan kitab mağazası bu gün də uğurla fəaliyyət göstərərək, şəhər sakinlərinə xidmət etməkdədir.

2005-ci ildə 100 illiyi qeyd olunan Əsəd bəyin məzarını ziyarət etmək üçün Almaniyadan Pozitanoya gedən azərbaycanlı gənc ailə şəhərdə azərbaycan dilində asılmış “Əsəd bəyin 100 illiyi” bannerini gördükdə çaşqınlıq keçirmiş və yerli sakinlərə gözlərinə inanmadıqlarını söyləmişlər. Demək ki, təsadüflər doğru olur.

Əgər zamanında Bülbül, Müslüm Maqomayev və başqa maestroların İtaliyada təcrübə keçmələri çətinliklə başa gəlirdisə, muasir dövrdə bir çox musiqi ifaçılarının, rəssamların və yazıçıların incəsənət sahəsində qarşılıqlı fəaliyyətləri ürəkaçandır.

1991-ci ildə İtaliyanın Breşia vilayətinin Gavardo şəhərində “CORO La Faita” xorunun 25 illik yubileyində iştirakım italyan dostlarla yaxından tanış olmağıma səbəb oldu. Xorun rəhbəri Valerio Bertoletti Bakıda “Xarı Bülbül” Beynəlxalq Festivalında iştiraklarını məmnuniyyətlə yad edərək, Azərbaycana dost münasibətini bildirirdi. Yubiley zamanı Milan yaxınlığında “San-Siro” geyim fabriki ilə tanışlığımızdan sonra Venesiya şəhərinə səfər etdik. Hər tərəfi su ilə əhatə olunan Venesiyada şüşə qablarının emalatxanası ilə tanışlıqdan sonra meydanda azadlıq quşları ilə rastlaşdıq. Sanki çiynimdə oturan quşlar tezliklə Azərbaycanın azad və müstəqil olacağının müjdəsini bildirirdilər.

Gavardo şəhərindən olan jurnalist Marcella Zanenin təşkil etdiyi mətbuat konfransında  İtaliyada məşhur olan, uzun müddət SSRİ-də İtaliyanın səfirliyinin mətbuat katibi işləmiş, “İL Giorno” dərgisində çalışmış Luici Vismara ilə tanışlığım yadda qalan xatirədir. Mətbuat konfransında toxunulan Qarabağ münaqişəsi ilə bağlı sualları ətraflı cavablandırdım. Yubiley ərəfəsində italyan dostların qonaqlara isti münasibəti, onların evlərdə təşkil etdiyi şam yeməkləri, əsasən də italyan şərabı və pendiri cənub qonaqpərvərliyinin təzahüri idi.

Elə yəqin belə qonaqpərvərliyin nəticəsi olaraq, Pozitano şəhər komendantı olmuş Ercolinonun evində rahatlığını tapan M.Əsəd bəy ömrünün sonuna kimi Bakıya bənzər olan dəniz qırağında yerləşən Pozitano şəhərini ikinci vətəni kimi qəbul etmişdir. O dövr faşist Almaniyası tərəfindən daim axtarışda olan Əsəd bəy nəhayət etibarlı dostlar tərəfindən qorunmuşdur.

2013-cü ilin sonunda Venesiya şəhərində qədim Ka Foskari Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin təşəbbüsü ilə “Əli və Nino: ədəbiyyat, tarix, Qafqaz mədəniyyəti və Azərbaycan” adlı konfrans təşkil olunmuşdur. Konfransda çıxış edən professor Dmanpuero Bellingeri vurğulamışdır ki, universitetdə açılan Azərbaycanşünaslıq Mərkəzi İtaliya-Azərbaycan əlaqələrinə töhfə verərək, qədim əlaqələrlə yanaşı, müasir əlaqələrə maraq kəsb edir. Daha sonra konfransda çıxış edən professor Romolo Ercolino “Kurban Said”in həyatına həsr olunan “Essad Bey scrittore azerbaigano a Positano” kitabı haqqında danışaraq, maraqlı açıqlamalarla konfrans iştirakçılarının mövzuya fikrini cəlb etmişdir. Universitet əməkdaşı Erica Larina isə  Venesiya-Azərbaycan qədim əlaqələrindən bəhs etmişdir. Konfransda iştirak edən azərbaycanlı və xarici alimlər də müzakirələrdə öz fikirlərini və ehtiramlarını bildirmişlər.

Milan Expo-2015 beynəlxalq sərginin yaraşıqlı Azərbaycan pavilyonunda müxtəlif təqdimatlarla yanaşı, müəllifi olduğum “Essad bey in İtalia” kitabı da seyriçilərə təqdim olunmuşdu.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın 2020-ci ilin əvvəlində İtaliya Respublikasına səfərləri tarixin növbəti səhifəsi oldu. Səfər zamanı İtaliya Respublikasının Prezidenti Sercio Mattarella ilə keçirilən görüşlər, isti münasibətlər 2020-ci ilin İtaliyada “Azərbaycan ili” elan olunması ilə nəticələndi.

Təəssüf ki, qəfil pandemiya kabusu düşünülmüş lahiyələrin həyata keçirilməsinə mane oldu. Laki, əlaqələrin tendensiyası alim və sənət adamları tərəfindən səngimədi. Muzey işi sahəsində Luidjı Skrinzi, ədəbiyyat sahəsində Laura Qaravaglia, musiqi sahəsində Stefano Muscaritolo, nəşriyyət sahəsində isə Sandro Tettinin xidmətləri danılmazdır. Bu arada Sevil Kərimovanın nəşr etdiyi “Azərbaycan-İtaliya mədəni əlaqələri” kitabı mədəniyyət ilinə töfhə oldu.

Azərbaycan təbii qazının Türkiyə üzərindən İtaliyaya nəql olunması layihəsi 100 il bundan əvvəl möcüzə kimi görünürdüsə, bu gün gerçəkliyə çevrilmişdir. Bu kəmər həm də iki ölkəni rəmzi olaraq birləşdirən dostluq simvoludur.

Professor Çingiz Abdullayev