Venesuelanın Valensiya şəhərində hərbi bazanı zəbt etmək cəhdi olub.
Yenicag.Az-ın məlumatına görə, bu barədə Vahid Sosialist Partiyasının sədr müavini Diosdado Kabelyo xəbər verib.
Kabelyo bildirib ki, Fuerte-Paramakay hərbi bazasına hücum edən bir neçə terrorçu saxlanılıb və hazırda hərbi baza hökumətin tam nəzarətindədir.
Hücumdan bir neçə saat əvvəl özünü kapitan Xuan Kaquaripano kimi təqdim edən şəxsin internetdə videomüraciəti yerləşdirilib. O, prezident Nikolas Maduro hakimiyyətinə qarşı qanuni qiyam qaldırdıqlarını və konstitusiyanın bərpasına çalışdırlarını elan edib.
Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez, hərbi hissəyə hücum edən qrupun ordudan atılan bir zabitlə əsgər paltarı geyinmiş mülki vətəndaşlardan ibarət olduğunu açıqlayıb.
15 iyul hadisələri zamanı Türkiyəyə dəstək verən Maduronun ABŞ-ın “yıxılmalı olan liderlər” siyahısında ön sırada olduğu bilinməkdədir. Bu çevriliş cəhdinin arxasında da CIA olduğuna dair fikirlər səslənməkdədir.