İyulun 28-də Venesuela Bolivar Respublikasında prezident seçkiləri baş tutub. Bu seçkilərdə növbəti dəfə hazırkı prezident Nikolas Maduro və Venesuelanın ən qocaman səfiri kimi çalışmış, ölkə xarici siyasətində tanınmış fiqur olan Edmundo Qonzalez namizədlər olub.
Yenicag.az xəbər verir ki, bu barədə “Caucasian Live” “Telegram” kanalının Venesueladakı seçkilərlə bağlı məqaləsində qeyd olunub.
Kanalın analitiklərinin fikrincə, Qonzalez namizəd olaraq seçkidə iştirak etməməli idi.
“Əsas namizəd keçmiş deputat, “Sumate” müstəqil könüllü hərəkatının qurucusu, eyni zamanda, BBC siyahısında 2018-ci ildə dünyada ən nüfuzlu 100 qadından biri elan edilmiş, gənclər tərəfindən dəstəklənən, Amerika ilə yaxın münasibətlər tərəfdarı olan Maria Korina Maçado olmalı idi. Lakin Bolivar ölkəsinin Ali Məhkəməsi buna imkan vermədi. Maçado isə həm gənclər, həm də orta təbəqə arasında nüfuzlu olan Qonzalezi dəstəklədi”, – deyə qeyd edilib.
Məlumata görə, N. Maduronun ölkədə buna qədər baş verən etirazlara və eyni zamanda, güclü maliyyə böhranına baxmayaraq, hakimiyyətdə qalmasına bir neçə real səbəb var idi.
“Çünki bir tərəfdən, xalqın bir qismi onu inqilabi lider kimi görürdü, ən azı, o, elita üçün inqilab etmiş Uqo Çavesin adamı idi. İkinci tərəfdən, narkokartellər və ordu Maduronu sona qədər dəstəklədi. Güc strukturları da onun yanında oldu. Buna görə də Xuan Qayado Maduroya qarşı kütləvi etirazlar təşkil edə bilsə də, hakimiyyətə gələ bilmədi. Buna qədər Maduroya qarşı müxalifətin liderinə çevrilən yəhudi əsilli siyasətçi Xuan Qayado hazırda müxalifətin seçkilərdə iştirak edən ortaq koalisiyası olan “Vəhdət” platformasının qurucusudur. Qayado hüquqi məhdudiyyətlərə görə bu yarışda birbaşa iştirak etmir və Maçado ilə Qonzalezi dəstəkləyir”, məlumatda bildirilir.
Kanal yazır ki, Ukrayna müharibəsindən sonra Bayden administrasiyası Venesuelaya qarşı sanksiyaları yumşaltdı.
“Amma Maduro və ümumiyyətlə, Bolivar ölkəsi üçün ən böyük problem Latın Amerikasında ortaya çıxan Qayana kimi yeni enerji mərkəzidir. Qayana artıq ABŞ üçün önəmli bazara çevrilib və ABŞ Karakasdan aldığı nefti bu ölkədən alır ki, bu da Bolivar Respublikası üçün ciddi problemdir. Maduro Qayana kimi rəqibi aradan qaldırmaq üçün bu ölkəni işğal etmək və neft bazarında mövqeyini qorumağa çalışır. Lakin Maduronun Qayananı işğal etməsi çətinləşir. ABŞ neft şirkətləri, xüsusilə “Exxon” və “Penzoil” kimi şirkətlər bazara daxil olduqdan sonra ABŞ bu ölkəni qorumağa çalışır.
Eyni zamanda, Braziliya da Karakasın Qayananı işğal etməsini qəbuledilməz hesab edir. Hətta Qayana ilə sərhədə Silva hökuməti əlavə qoşun da cəmləyib. Silva Maduronun uduzacağı təqdirdə getməsini tələb edib.
Hətta Venesuela ordusu da hələlik Maduronu dəstəkləyir. Xüsusilə Maduro bu dəfə kampaniyaya Qayana keysi ilə daxil olub. Onu da qeyd edək ki, Venesuela ötən il Qayananı öz ərazisi elan edən referendum keçirib və bunu konstitusiyaya daxil edib. Onların fikrincə, bir zamanlar Qayana Venesuela ərazisi olub”, – deyə qeyd eilir.
Rafi Müslümov