!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Vergi amnistiyası”: Gözə kül üfürmə, yoxsa sahibkara dəstək?

!Reklam – Yazi

15645446_778273675654474_1446581156_nHökumət vergi ödəyicilərinin borcunun bir qismini bağışlamaq niyyətindədir. Məlumdur ki, artıq bununla bağlı qanun layihəsi hazırlanaraq, Milli Məclisə təqdim olunub.

“Vergi amnistiyası” adlandırılan layihədə nəzərdə tutulan mexanizmin detallarına toxunmazdan əvvəl qeyd edək ki, vergilərin bir hissəsinin də olsa bağışlanması ödəyicilər üçün güzəştdir və hər bir halda, təqdirəlayiqdir.

Layihədə nəzərdə tutulan mexanizmə gəlincə, yayılan ilkin məlumatlara əsaslansaq,bu mexanizmi stimullaşdırıcı saymaq mümkün deyil. Aldığımız məlumata görə, hazırda vergi borcları ilə bağlı başlıca problem əsas borclara qanunvericiliyə uyğun hesablanan faizlərdir. Borclu ödəyicilərin əksəriyyəti üzrə faizlərin əsas borclardan xeyli yüksək olduğu bildirilir. Bu şəraitdə daha yaxşı variant o olardı ki, əsas borclar ödəniləcəyi təqdirdə hesablanan peniyalar, faizlər silinərdi. Digər tərəfdən, borcların ödənməsi üçün qoyulan müddət də kifayət qədər qısadır. Onsuz da indiyədək vergi orqanları borcunu müəyyən qrafik üzrə ödəmək istəyən ödəyicilərə güzəşt edirdi. Bir çox hallarda belə qrafiklər 1 il və ondan yuxarı müddəti əhatə edirdi. Layihədə nəzərdə tutulan 3 aylıq müddət isə bundan 4 dəfə qısadır. Yeni ilin ilk ayında ümumi borcun 30 faizini ödəyən sahibkar artıq fevralda qalan borcun 50 faizini, martda isə qalanın 70 faizini ödəməlidir. Sadə dillə izah etsək, 100 manat borcu olan yanvarda 30 manat, fevralda qalan 70 manatın 50 faizini – 35 manat, martda isə qalan 35 manatın 70 faizini – 24,5 manat ödəməlidir. Beləliklə, hər 100 manat borcdan ödəyiciyə cəmi 10,5 manat keçiləcək ki, bunu da borclularıprosesə qoşulmağa stimullaşdıracaq məbləğ saymaq təəssüf ki, mümkün deyil.

Digər tərəfdən, məlumdur ki, dövlətə borclu olanlar arasında əsas yeri elə dövlətə məxsus iri vergi ödəyiciləri tuturlar. Məsələn, Hesablama Palatasının məlumatına görə, 01.01.2016-cı il tarixinə “Azərenerji” ASC-nin dövlət büdcəsinə olan borcunun məbləği 799 mln. 795,9 min manat və ya dövlət mülkiyyətində olan vergi ödəyicilərinin ümumilikdə borclarının 68,2 faizini təşkil edib.Azərbaycan Dəmir Yolları QSC, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azərsu” ASC, AZAL və digər iri dövlət qurumları həmişə büdcə qarşısında iriməbləğli borcları ilə “seçiliblər”. Onların bu borcları 3 ay ərzində bağlaya biləcəkləri ehtimaldan uzağa getmir.

Eyni sözləri özəl sahibkarlıq subyektləri üçün də söyləmək mümkündür. İndiki iqtisadi şərtlərlə bu subyektlərin illər boyu yığılan borcun 90 faizə yaxın hissəsini 3 aya ödəyə biləcəkləri real görünmür.

Maraqlıdır ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə dünən ADA Universitetində “azexport.az” portalının təqdimatı zamanı deyib ki, təqribi hesablamalara görə, vergi amnistiyası nəticəsində 600 milyon manat sahibkarların sərəncamında qalacaq.(APA) Layihədə nəzərdə tutulan mexanizmlə hesablasaq, 600 milyon manat ödəyicilərə güzəşt olunacaq ümumi borcun cəmi 10,5 faizi demək olacaq. Bu halda belə çıxır ki, hazırda vergi ödəyicilərinin dövlətə olan vergi borclarının həcmi 5,7 milyard manatdan yuxarıdır(!?) .

Bu il iyulunda vergilər nazirinin müavini Sahib Ələkbərov vergi borclarının həcminin 1,6 milyard manat olduğunu açıqlayıb. İqtisadçı-ekspert Rövşən Ağayevin paylaşdığı rəqəmlərə əsaslansaq, bu ilin sentyabrına olan məlumata görə, dövlət büdcəsinə ümumi vergi borclarının məbləği 1.665 milyard manat olub. Həmin məbləğin 950 milyon manatı əsas borclar, 715 milyon manatı isə faiz borcları olub:

“2016-cı il yanvarın 1-nə isə vergi borcları 2.414 milyard manat olmuşdu və həmin məbləğin 2.076 mlrd manatı əsas borc, 338 mln. manatı isə faiz borcu olmuşdu. Göründüyü kimi, 9 ayda əsas vergi borcları 1.126 mlrd. manat, faiz borcları 377 mln. manat azalıb.Hazırkı dövrə olan bütün vergi borclarının 62,2%-i və ya 1.038 mlrd. manatı xüsusi mülkiyyətdə olan yrezidentlərin, 27,4%-i və ya 456 mln. manatı isə dövlət mülkiyyətində olan müəssisələrin payına düşür”.

Bu ziddiyyətli rəqəmlər fonunda Vergilər Nazirliyinin məsələyə aydınlıq gətirməsinə ciddi ehtiyac var…

Dünya SAKİT
Yeniçağ.Az

www.yenicag.az

510
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv