!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergi yoxlamasında “3-CÜ ŞƏXS SİNDROMU”: “Əgər kommersiya sirri pozularsa...” - Vəkildən İZAHAT

!Reklam – Yazi

“Vergi orqanları bu çərçivədə bəzən əsaslandırılmış qərar qəbul etmirlər və yalnız məktub göndərməklə kifayətlənirlər”.

Vergi Məcəlləsinin 36.1-ci maddəsinə əsasən vergi yoxlaması keçirildikdə, vergi orqanı vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyətinə aid olan sənədləri ala bilər. Bu sənədlər vergi yoxlamasının predmetinə aid olan məlumatın alınması üçün zərurət yarandığı halda tələb olunur. Bununla belə, konkret situasiyalarda vergi orqanı ilə vergi ödəyicisi arasında qeyd olunan məsələ ətrafında anlaşılmazlığın yaranması qanunvericiliyin həmin tələbinin daha dəqiq izahını aktuallaşdırır.

Mövzu ilə bağlı Yenicag.az-a danışan vəkil Elvin Şərifov bildirib ki, tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur:

“Hər bir halda fəaliyyəti yoxlanılan vergi ödəyicisi barəsində 3-cü şəxslərdən əlavə sənədlərin və ya məlumatların alınmasına mütləq qaydada əsaslandırılmış qərar qəbul edilməlidir.

Qeyd olunan qərarın forması isə “Səyyar vergi yoxlamasının keçirilməsi Qaydaları”na 32 nömrəli əlavə ilə müəyyən edilib. Göstərilənlərə baxmayaraq, vergi orqanları demək olar ki, bütün hallarda 3-cü şəxslərdən sənəd və ya məlumat tələb etdikdə, vergi qanunvericiliyinin tələblərini pozaraq, əsaslandırılmış qərar qəbul etmirlər və yalnız məktub göndərməklə kifayətlənirlər.

Halbuki, vergi orqanları tərəfindən əsaslandırılmış qərar qəbul edilməyənə qədər yoxlama aparılan vergi ödəyicisi barəsində 3-cü şəxsdən hər hansı sənəd və ya məlumatın tələb olunması, ümumiyyətlə, vergi qanunvericiliyinin tələblərinə uyğun deyil. Müvafiq qərar olmadan 3-cü şəslərin yoxlama aparılan vergi ödəyicisi barəsində vergi orqanlarına sənəd və ya məlumatın verilməsi həmçinin kommersiya sirrinin yayılması kimi qiymətləndirilməlidir”.

Vəkil qeyd edib ki, bir çox hallarda 3-cü şəxslərdən əldə edilən sənəd və ya sübutlar əsasında yoxlama aparılan vergi ödəyicisinə əlavə vergilər hesablanır ki, bununla da onun hüquqlarına və qanunla qorunan maraqlarına ziyan dəyir:

“Belə olan təqdirdə kommersiya sirri pozulmuş vergi ödəyicisinin tam hüquqi var ki, qanuni əsas olmadan kommersiya sirrini yaymış 3-cü şəxsə qarşı maddi təzminatın alınması ilə bağlı məhkəmələrdə iddia qaldırsın və həmin təzminatın ödənilməsini tələb etsin.

Qeyd olunanları nəzərə alaraq, 3-cü şəxs qismində çıxış edən vergi ödəyicilərinə tövsiyə olunur ki, qanuni əsas olmadan yoxlama aparılan şəxs barəsində hər hansı sənəd (sübut) və ya məlumat vergi orqanlarına təqdim edilməsin və yalnız müvafiq qərar qəbul edəcəkləri halda qeyd olunan sənəd və ya məlumatların onlara verilə biləcəyi izah olunsun”.

Gülşən Şərif

www.yenicag.az

2165
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv