“Naming and shaming” mexanizmi vergi borcları dəqiqləşdirildikdən sonra tətbiq edilə bilər”.
Bu fikirləri vergidən yayınma hallarını minimallaşdırmaq üçün beynəlxalq təcrübədə istifadə edilən alətlərdən biri olan “naming and shaming”in (“Ad çəkib utandırmaq”) ölkədə tətbiq edilməsinin mümkünlüyünü dəyərləndirən iqtisadçı Xalid Kərimli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, müvafiq prosedurun tətbiqindən öncə vergi ödəyicisinə müəyyən zaman tanınmalıdır:
“Vergidən yayınan şəxslərin adlarının elan edilməsində heç bir etik problem olmasa da, burada vacib bir nüans var. İlk olaraq, burada bərabər və ədalətli davranmağın vacibliyi qeyd olunmalıdır. Yəni onlardan birinin adını çəkib, digərini qeyd etməmək narazılığa səbəb olacaq.
İkinci bir məqam zaman-zaman kameral yoxlama apararaq hüquqi ilə fiziki şəxsin təqdim etdiyi bəyannamə arasında fərq yarana bilər. Bu zaman araşdırmaya ehtiyac duyulur. Təbii ki, “naming and shaming” mexanizmini vergi borcları haqqında dəqiqləşdirmə aparıldıqdan sonra tətbiq etmək lazımdır.
O baxımdan, sadəcə, borca görə adların dərc edilməsi məqsədəuyğun deyil. Həmin prosedurun tətbiqindən öncə vergi ödəyicisinə müəyyən zaman tanınmalıdır. Həmçinin vergi ödəyicisi qeyd olunan borcu qəbul etdikdən sonra prosedura başlamaq olar. Bu mexanizmdə heç bir problem görmürəm, lakin ümumi şəkildə vurğulanan nüanslara qarşı diqqətli olmaq lazımdır”.
Yusif Səmədzadə