Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib

Vergilər Nazirliyində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirliyin Media və Kommunikasiya Mərkəzindən Trend-ə verilən məlumata görə, vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev qonaqları salamlayaraq Azərbaycanda mövcud iqtisadi vəziyyət və iqtisadi inkişaf göstəriciləri, həyata keçirilən iqtisadi və fiskal siyasət, vergi sistemində aparılan modernləşmə prosesi, vergi inzibatçılığının təkmilləşdirilməsi, vergi orqanları ilə vergi ödəyiciləri arasında münasibətlərin qarşılıqlı etimada əsaslanan şəffaf mexanizmlər əsasında qurulması, onlara geniş xidmətlərin, o cümlədən elekron xidmətlərin təqdim edilməsi istiqamətində aparılan islahatlar, elektron hökumət quruculuğu istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

O, Azərbaycan Prezidentinin imzaladığı “2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri”nin təsdiqi və vergi inzibatçılığının təkmilləşdirilməsi haqqında” 4 avqust 2016-cı il tarixli sərəncamına toxunaraq bildirib ki, vergi orqanları qarşısında qoyulmuş vəzifələrin icrası, vergi ödəyiciləri ilə qarşılıqlı etimada əsaslanan partnyorluq münasibətlərin qurulması məqsədilə ötən müddət ərzində nazirliyin strukturu və menecmenti müasir idarəetmənin tələblərinə uyğun olaraq yenidən qurulub. Vergi inzibatçılığının təkmilləşdirilməsi sahəsində genişmiqyaslı islahatlar aparılıb. Bu dəyişikliklər əsasən vergi ödəyicilərinin hüquqlarının və vergi potensialının genişləndirilməsi, eyni zamanda investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edib. Sərəncamdan irəli gələn məsələlərin həll edilməsi məqsədilə Vergi Məcəlləsində dəyişikliklər edilib.

Nazir müavini vurğulayıb ki, dəyişikliklərin əsas məqsədi sahibkarların, xüsusilə kiçik və orta biznesin inkişafına daha əlverişli şəraitin yaradılması, vergi orqanları və sahibkarlıq subyektləri arasında qarşılıqlı etimadın səviyyəsinin yüksəldilməsi, nağdsız əməliyyatların həcminin artırılması, bankların likvidliyinin və bilavasitə vergi mühtinin cəlbediciliyinin artırılması yolu ilə iqtisadiyyata investisiya qoyuluşlarının təşviq edilməsi, dürüst və şəffaf uçotun qurulmasıdır. Beynəlxalq təcrübəyə uyğun olaraq, vergi qanunvericiliyinə könüllü vergi açıqlaması sisteminin tətbiqi, artıq ödənilmiş vergilərin qaytarılmasının sürətləndirilməsi, transfer qiymətlərinin tətbiqi kimi yeniliklər daxil edilib. Bu dəyişikliklərin Avropa İttifaqının direktivlərinə uyğun aparıldığı, beynəlxalq təcrübənin əsas götürüldüyü qeyd edilib.

İ.Vəliyev bildirib ki, ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyevin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanına əsasən 12 istiqamət üzrə strateji yol xəritələri təsdiq olunub.

Qonaqlara “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri”nin hər birində müəyyən olunmuş hədəflər, onların mahiyyəti, habelə bilavasitə Vergilər Nazirliyinin fəaliyyəti ilə bağlı olan istiqamətlər barədə məlumat verilərək qeyd olunub ki, Nazirliyin əsas icraçı olduğu sahələr əlverişli biznes mühitinin inkişaf etdirilməsi hədəfi üzrə səmərəli vergi sisteminin təşviq edilməsi, kiçik və orta sahibkarlıq subyektlərində aparılan yoxlamaların optimallaşdırılması və onların risk dərəcələri əsasında aparılması, bu sahədə stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, kənd təsərrufatı məhsullarının daxili bazarda ticarəti üzrə uçot göstəriciləri ilə bağlı tənzimləmə sisteminin hüquqi əsaslarının təkmilləşdirilməsi ilə bağlıdır. O da qeyd olunub ki, hər bir hədəf bir sıra mühüm komponentlərdən ibarətdir və hər bir komponent üzrə ciddi təhlillər edilərək illik iş planlarında əksini tapacaq tədbirlər həyata keçiriləcək.

İ.Vəliyev Vergilər Nazirliyinin yeni idarəetmə strukturu barədə məlumat verərək bildirib ki, yeni admnistrativ yanaşmada “dövriyyə intervalları” prinsipi əsas götürülməklə vergi ödəyiciləri iri, orta və kiçik vergi ödəyiciləri olaraq qruplaşdırılıb. Hər bir sahibkarlıq qrupuna fərdi yanaşmalar müəyyən edilib. Yeni yaradılan departamentlərdə xidmətin genişləndirilməsi əsas hədəf olaraq götürülür. Bu gün orta sahibkarlara münasibətdə daha çox partnyorluq münasibətlərinin genişləndirilməsi, iri vergi ödəyicilərinə münasibətdə isə daha əhatəli münasibətlərin qurulması istiqamətində mütəmadi işlər aparılır.

Dünya Bankının Tapşırıq qrupu rəhbəri, dövlət sektoru üzrə baş mütəxəssis Racul Avasti vergi sistemində aparılan islahatların təqdirəlayiq olduğunu bildirib. Strateji yol xəritələrinin uğurlu təşəbbüs olduğunu bildirən qonaq vergi güzəştlərinin təyin edilməsi, qeyri-neft sektorunda kəsirin azaldılması, biznes, investisiya mühitinin yaxşılaşdırlması, vergi rejiminin təkmilləşdirilməsi, eyni zamanda onun beynəlxalq standartlara uyğunlaşdırılması, kiçik və orta sahibkarlığa dəstək məsələlərinin doğru hədəflər olduğunu vurğulayıb.

Görüşdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin İcraçı direktoru Vüsal Qasımlı və Prezident Administrasiyasının nümayəndələri də iştirak edib.

Yeniçağ.Az

COP29