Vergilər Nazirliyini aldadan müğənnilərin biabırçı əməlləri

mugenniVergilər Nazirliyinin son aylar şou-biznes sahəsindəki müğənnilərin vergi ödəmələrində qayda-qanun yaradılması üçün apardığı işlər əməlli başlı səs-küy yaradıb. Dünənə qədər bahalı geyim-kecimləri, avtomobilləri, topdağıtmaz malikanələri ilə gündəmdə olan, toylara çox yüksək qiymətlərlə getdiyini deyib öyünən müğənnilərin əksəriyyətinin indi səsi çıxmır. Son günlər hətta TV-lərdəki şou verilişlərində belə, onların dəbdəbəli həyat tərzi ilə bağlı süjetlərə, yaxud da baha qiymətə toy aparmaqları ilə bağlı açıqlamalara rast gəlinmir.
Bütün bunlar vergi orqanları tərəfindən şou-biznes nümayəndələrinin əldə etdikləri gəlirlərin vergiyə cəlb olunmasına nəzarətin gücləndirilməsindən sonra baş verib. Bəs görülmüş işlər vergi daxiolmalarına necə təsir edib?

Şou-biznes sahəsindən vergi daxilolmaları artıb

Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən bildirilib ki, şou-biznes sahəsində çalışan vergi ödəyicilərinin fəaliyyətinə nəzarət gücləndirildikdən sonra bu sahədən vergi daxilolmalarında artım müşahidə olunmaqdadır:“Təkcə 2015-ci ilin dekabr ayında şou-biznes sahəsindən dövlət büdcəsinə daxilolmalar həmin ilin əvvəlki 11 ayına nisbətən 3 dəfə çox olub. Bu müsbət hal kimi dəyərləndirilsə də, təəssüf ki, nəticələr hələ reallıqda ödənilməli olan vergi məbləğlərindən çox aşağıdır.
Hazırda vergi orqanları sadələşdirilmiş vergitutma rejimində çalışan vergi ödəyicilərinin (şou-biznes əhlinin mütləq əksəriyyəti məhz bu rejimdə çalışır) ötən ilin son rübü üzrə təqdim etdikləri bəyannamələri təhlil edir, fəaliyyəti aktiv olan vergi ödəyicilərinin bəyannamə və hesabatları, fəaliyyəti passiv kimi göstərilmiş vergi ödəyicilərinin isə fəaliyyət göstərib-göstərmədikləri araşdırılır. Ilkin araşdırmalar göstərir ki, musiqi fəaliyyəti ilə məşğul olan şəxslərin bir qismi ya öz fəaliyyətlərini dayandırdıqlarını, ya da təqdim etdikləri bəyannamələrdə guya gəlir əldə etmədiklərini göstərsələr də, əslində fəaliyyətlərini yenə əvvəlki kimi davam etdirərək gəlir əldə edir, lakin vergiləri tam həcmdə ödəməkdən yayınmağa cəhd göstərirlər”.

Bəzi müğənnilər fırıldağa əl atırlar…

Məlumatda həmçinin qeyd edilib ki, bəzi müğənnilər vergi orqanlarının diqqətindən yayınmaq üçün fəaliyyət növlərini dəyişirlər: “Məsələn, əgər müğənninin gözəllik salonu və ya hansısa başqa bir obyekti varsa, öz iqtisadi fəaliyyət növünü həmin obyektin fəaliyyəti ilə bağlamağa, ”salondan əldə etdiyim gəlirdən vergi ödəyirəm” deməklə digər, o cümlədən müğənnilik fəaliyyətindən əldə etdikləri gəlirlərini gizlətməyə çalışır. Bəzi tanınmış müğənnilər isə şadlıq evlərindəki qeydiyyat kitablarına hər toya görə guya cəmi 70, 50, 30 manat, hətta 10 manat aldıqlarını yazdırmaqdan belə, çəkinmirlər.
Vergi orqanlarını belə sadəlövhcəsinə aldada biləcəklərinə ümid edənlər isə başa düşməlidirlər ki, vergi əməkdaşları başqa planetlərdən gəlməyiblər. Onlar da bu torpaqda yaşayırlar, toy edib müğənniləri öz məclislərinə dəvət edirlər, özləri də toylara gedirlər və ən azı vergi qanunvericiliyini başqalarından yaxşı bilirlər”.

Şou-biznesdə çalışanların fəaliyyəti izlənilir

Həmçinin bildirilib ki, artıq Vergilər Nazirliyinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində şou-biznes sahəsində çalışanların fəaliyyətinin izlənməsi üçün xüsusi proqram istifadəyə verilib:“İctimai iaşə obyektləri və əyləncə mərkəzləri ciddi nəzarətə götürülüb və müğənnilərin bu obyektlərdəki bütün çıxışları qeydə alınır. İnformasiya bazasında toplanan məlumatlar belə vergi ödəyicilərinin vergi öhdəliklərinin müəyyən edilməsində istifadə olunacaqdır. Ona görə də bu zümrədən olan vergi ödəyicilərinə bir daha xatırladırıq ki, əyri yollara əl atmasınlar və gəlirlərini düzgün bəyan etsinlər.
Son aylar vergi orqanları tərəfindən şou-biznes sahəsində aparılan işlər daha çox müğənniləri vergi uçotuna durmağa dəvət etmək və vergi öhdəliklərini yerinə yetirməyin nə qədər vacib olduğunu onlara izah etməklə bağlı olub, maarifləndirməyə üstünlük verilib. Bu günə qədər hələlik heç bir şou-biznes nümayəndəsinə qarşı sərt addım atılmayıb və ya cəza tətbiq edilməyib.
Lakin bütün bunlardan sonra da vergidən yayınmağa cəhd edənlər isə tətbiq olunacaq sanksiyalara görə günahı haradasa yox, yalnız və yalnız özlərində görməlidirlər”. (Modern.az)