Prezident İlham Əliyev Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında sərəncam imzalayıb.
Yenicag.az xəbər verir ki, sərəncamda deyilir:
“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
4. “Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 iyul tarixli 1654 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 718; 2015, № 2, maddə 145) ləğv edilsin”.
“Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu” aşağıdakı kimi təsdiqlənib:
1. Vergilər Nazirliyinin Aparatı (baş idarələr, idarələr, şöbələr və bölmələr).
2. Vergilər Nazirliyinin strukturuna daxil olan qurumlar:
2.1. Milli Gəlirlər Baş İdarəsi;
2.2. Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi;
2.3. İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi;
2.4. Aksizli və Markalanmalı Malların Dövriyyəsinə Nəzarət Baş İdarəsi;
2.5. Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi;
2.6. Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarə;
2.7. Çağrı Mərkəzi (baş idarə səlahiyyətli);
2.8. yerli bölmələr (baş idarələr, idarələr və şöbələr).