Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu, “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında “Müharibə iştirakçıları üçün biznes təlimləri” layihəsi çərçivəsində növbəti təlim reallaşıb.
Təlimdə Şərur rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Ceyhun Davıdov da iştirak edib.
O, qonaqları salamlayaraq bugünkü təlim barədə qısa məlumat verib. Sonra söz “Vətən bağı” Sosial Təşəbbüslər İB-nin sədri Emin Tarverdiyevə verilib.
Layihə rəhbəri Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutan bu təlimin mahiyyəti barədə iştirakçıları məlumatlandırıb və əminliklə vurğulayıb ki, belə təlimlər şəhid ailəsi üzvləri və müharibə iştirakçıları üçün həm də tramplin rolunu oynayır, onların sahibkarlıq fəaliyyətlərində xeyli dönüş yaradır.
Təlimin keçirilməsi üçün yaratdıqları şəraitə görə Şərur rayon İcra Hakimiyyətinə və “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinə təşəkkürlərini çatdıran layihə rəhbəri sözü Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət işçisi, “Şərur şəhidləri” kitabının müəllifi Ümbülbanu Musayevaya verib.
Ümbülbanu xanım bu gün dövlətin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan danışaraq həm də belə təlimlərin keçirilməsində vətəndaş cəmiyyətinin sözçüləri olan qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bəhs edib, onlara uğur arzulayıb.
Müharibə iştirakçılarından Məmməd Əsgərov təlim iştirakçılarına uğurlar arzulayıb. “Paytaxdan uzaq olduğumuza görə bəzən belə təlimlər bizim üçün əlçatmaz olur. Amma Naxçıvan Muxtar Respublikasında ilk dəfə belə təlimin keçirilməsi barədə ötən həftə mediadan məlumat aldıq. Bu gün bir dərzi kimi mənim bu təlimdən öyrənəcəklərim var. Çünki bir kiçik sahibkar kimi özüm və yoldaşım dövlətin bizim üçün yaratdığı özünəməşğulluq proqramına qoşulmuşuq və ümid edirəm ki, bundan bəhrələnə biləcəyik” – deyə M.Əsgərov bildirib.
Daha sonra müharibə iştirakçısı Seyidov Mirağa çıxış edərək bildirib ki, bu gün özünü dərk edən hər bir azərbaycanlı Ali Baş Komandanın əsgəridir: “Çünki onun yürütdüyü siyasət bu gün bizi bütün dünyada üzüağ edib. Şəhid və qazilərimizin canı və qanı bahasına qazanılan qələbəmizi bir çoxları qəbul edə bilmir. Amma onların bu yolu haqq yolu olub. Bu günün reallıqlarında hədəfimiz dəyişib və artıq biz “Qərbi Azərbaycana qayıdış” müzakirələri, debatları, diskussiyaları edirik.
Deməli, 44 günlük bu müharibə həm də bizim üçün yeni üfüqlərə yol açmış oldu. Çünki qərbi azərbaycanlıların dədə-baba torpaqları hələ də işğal altındadı və onların orada yaşamaq haqqı dünya dövlətlərinin diqqətinə çatdırılmalıdır. Bu işdə əsas yüklərdən biri də qeyri-hökumət təşkilatlarının üzərinə düşür və onlara bu işdə uğur arzulayıram”.
Təlimçi Vüsal Novruzov təlimin bu gün üçün aktuallığını diqqətə çatdıraraq biznesə başlayanların ilk görəcəyi işlər, atılacaq ilkin addımlarla bağlı müfəssəl məlumat verib. Təlim iştirakçıları arasında aparılan pre və post testlərin nəticələri barədə danışan Vüsal Novruzov vəziyyətin qənaətbəxş olduğunu vurğulayıb: “İlk təlimdən sonra bir qazimiz ilk pilləsində olduğu və qurmaq istədiyi biznes barədə bizə məlumat verdi. Biz onun biznes-planının hazırlanmasına, loqo və sloqan seçiminə yardım etdik. İnanıram ki, qısa müddətdən sonra bu təlimin nəticəsi kimi biz həmin qazimizin yaratdığı brendi tək Naxçıvan deyil, Azərbaycan bazarına da daxil edə biləcəyik”.