Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu və “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasında sayca üçüncü – “Müharibə iştirakçıları üçün biznes təlimləri” baş tutub.
“Vətən Bağı” Sosial Təşəbbüslər İB-nin sədri Emin Tarverdiyev çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutan təlimin məqsəd və mahiyyəti barədə məlumat verib. “Bəzən biznes, sahibkarlıq fəaliyyəti deyəndə gözə bir çox baryerlər gəlir” – deyən natiq bu tipli təlimlərin hətta onların həyatında dönüş yarada biləcəyini də diqqətə çatdırıb. Təlimdə iştirak edən hər kəsə uğurlar arzulayan İB rəhbəri təlimin keçirilməsi üçün yaratdıqları şəraitə görə Kəngərli Rayon İcra Hakimiyyətinə və “Naxçıvan Şəhid Ailələr”i İctimai Birliyinə minnətdarlığını bildirib.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov qonaqları salamlayaraq bu gün dövlətin şəhid ailələri, qazilərə göstərdiyi diqqət və qayğı haqqında danışıb. Həmçinin belə təlimlərin keçirilməsində qeyri-hökumət təşkilatlarının fəaliyyətindən bəhs edib. Ali Məclisin deputatı bu sahədə “Vətən Bağı” Sosial Təşəbbüslər İB-nin də gördüyü işləri təlim iştirakçılarının diqqətinə çatdırıb, gələcək işlərində onlara uğurlar diləyib.
Sonra söz təlimçi Vüsal Novruzova verilib. Təlimin bu gün üçün aktuallığını diqqətə çatdıran Vüsal Novruzov bu sahədə görüləcək işlərdən danışıb, atılmalı olan ilkin addımlar barədə dolğun informasiyalar verib. Təlim iştirakçıları arasında aparılan pre və post testlərin nəticələri barədə danışan Vüsal Novruzov vəziyyətin qənaətbəxş olduğunu vurğulayıb: “Artıq Naxçıvan Muxtar Respublikasında üçüncü təlimimiz baş tutur. Şahbuz rayonunda keçirilən təlimdə bir qazimiz bizdən onun öz həyətyanı sahəsində yarada biləcəyi biznesə dəstək göstərməyimizi istədi. Qısa müddətdə onun biznes planının tərtib olunmasına, brendin yaradılması, loqo və sloqan seçimində öz köməkliyimizi əsirgəmədik. Ümidvaram ki, yaxın zamanlarda biz həmin qazimizin öz məhsul brendinin tanıtımına şahidlik edəcəyik. Şərur rayonunda isə təlim zamanı biz artıq istədiyimiz aktivliyi təmin edə bildik”. Təlim iştirakçılarına biznesə başlamağın gözə görünən və görünməyən tərəflərindən bəhs edən təlimçi onlara bu işdə əllərindən gələn bütün köməklikləri göstərəcəyini diqqətə çatdırıb.
Sonra təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müraciətlər dinlənilib, ilkin biznes mərhələsinə start vermək üçün lazımı bilgilər verilib.