Vətən Müharibəsi şəhidi Mehman Qənbərovun xatirəsinə həsr olunmuş anım tədbiri keçirildi – FOTO

Bərdə rayonunda Vətən Müharibəsi şəhidi, polkovnik-leytenant Mehman Qənbərovun şəhadətinin 4-cü ildönümü münasibətilə anım tədbiri keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Bərdə və Ağdam rayon icra hakimiyyətlərinin nümayəndələri, Ağdam rayon icra hakimiyyəti başçısı aparatının Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Samir Məmmədov, Bərdə rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, şəhid ailələri, şəhidimizin döyüş yoldaşları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir əvvəlcə Bərdə şəhər Şəhidlər xiyabanında, sonra isə şəhid Qənbərov Mehman Nəriman oğlunun adına inşa olunmuş xatirə lövhəsinin və abidə-bulaq kompleksinin önündə davam etdirilib.

Anım mərasimində iştirak edənlər qəhrəman şəhidimizin keçdiyi həyat yolundan bəhs edərək, ruhuna böyük ehtiram göstəriblər.

Tədbirin sonunda şəhidimizin ailə üzvləri ilə birlikdə xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, şəhid polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlu 2020-ci ilin oktyabr ayının 1-də 44 günlük Vətən Müharibəsi zamanı Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, o, ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Məsimə Məmmədova

Samir Məcidov

COP29