“Vətən Müharibəsi xalqımızın birlik və həmrəyliyini bütün dünyaya göstərdi” – Partiya sədri

“Anım Günü bir daha sübut etdi ki, Azərbaycanın apardığı Vətən Müharibəsi, həqiqətən, haqq işidir”.

Bu sözləri Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş Vətən Müharibəsi şəhidlərinin xatirəsinin ümummilli miqyasda anılmasına münasibət bildirən Yeni Zaman Partiyasının (YZP) sədri Musa Ağayev Yenicag.az-a açıqlamasında bildirib.

Musa Ağayevin sözlərinə görə, dekabrın 4-də ölkədə Anım gününün keçirilməsi xalqin birlik və həmrəyliyinin nümayişi oldu:

“Bu gün məhz canlarından keçmiş Şəhidlərimizin fədakarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub. Şübhə yoxdur ki, Şəhidlərimiz hər zaman böyük hörmətlə anılacaq, onların ruhu yad ediləcək.

Məscidlərdə, kilsələrdə və sinaqoqlarda birgə Anım gününün keçirilməsi partiyamız tərəfindən də təklif kimi irəli sürülmüşdü. Anım Günü bir daha sübut etdi ki, Azərbaycanın apardığı Vətən Müharibəsi həqiqətən haqq işidir.

Artıq dilindən və dinindən asılı olmayaraq hər kəs başa düşür ki, Azərbaycan apardığı mübarizə ilə öz haqqını tələb edirdi. Eyni zamanda, Vətən Müharibəsi Azərbaycanda yaşayan çoxsaylı xalqların monolitliyini və tolerantlığını da bütün dünyaya nümayiş etdirdi. Bu, bizim xalqın ucalığının bariz nümunəsidir”.

Gülşən Şərif