Dövlət Sərhəd Xidmətinin (DSX) “Harop”, “Quzğun” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli hədəfləri, o cümlədən “Toçka-U”, “Elbrus” (SKAD) operativ–taktiki raket kompleksləri, “S-300”, “KRUQ”, “OSA” “KUB”, “TOR” zenit-raket kompleksləri, radio elektron-mübarizə stansiyaları, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələrinin məhv edildiyi, ümumilikdə 290 düşmən hədəfinin, çoxsaylı canlı qüvvəsinin zərərsizləşdirildiyi qeyd edilib.
Yenicag.az-ın məlumatına görə, bu barədə DSX-nin aparatında Azərbaycan Sərhəd Mühafizəsinin 102-ci ildönümü münasibətilə keçirilən mərasimdə deyilib.
Tədbirdə Azərbaycan sərhədçilərinin 44 günlük haqq savaşında döyüş tapşırıqlarını uğurla yerinə yetirmələri, Vətən müharibəsinin ilk günündən Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etmələri, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirmələri, Qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində dövlət bayrağımızı sancmaları, Ermənistanla dövlət sərhədində strateji yüksəklikləri azad etmələri, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin, Ermənistanla dövlət sərhədində strateji yüksəkliklərin azad olunmasında Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və igidlik nümunələri göstərmələri qeyd olunub.