Vətən sevgisi və yetişən GƏNCLİK: Ölkənin gələcəklərini yad mədəniyyətlərin təsirindən necə qorumalı? – TƏHLİL

Statusundan, vəzifəsindən, fəaliyyətindən asılı olmayaraq, hər bir vətəndaşa xas olan xüsusiyyətlərdən biri milli mənlik şüurunun dərk edilməsidir. Ölkənin gələcəyi üçün yetişən gəncliyin vətənpərvərlik ruhunda böyüdülməsi, milli mənlik şüurunun aşılanması vacib faktorlardan biridir. Bu gün Azərbaycan gənclərinin milli kimliyinin formalaşmasında dövlətçilik tariximizin, dahi şəxsiyyətlərimizin, adət-ənənələrimizin böyük rolu var.

Belə bir söz var, mənəviyyat olmayan yerdə, vətənpərvərlik mövcud ola bilməz. Milli mənlik milli şüurun bir komponentidir. Vətəni sevmək, onu qorumaq, müdafiə etmək elə milli mənliyin mövcud olduğunun göstəricisidir. Bu gün hər bir Azərbaycan vətəndaşında milli mənlik şüurunun dərk edilməsi ən yüksək səviyyədədir.

Gənc nəslə vətənpərvərlik hisslərinin tərbiyəsi ilə bağlı fikirlərini Yenicag.az-la bölüşən sosioloq Mail Yaqub bildirib ki, milli mənlik şüuru və vətənpərvərlik ruhunda gənclərin yetişdirilməsi istiqamətində nəzərə alınmalı iki məqam var:

“İlk olaraq, özümüzə sual verməliyik ki, bizə – müasir Azərbaycan dövlətçiliyinə, vətəndaşına və gəncliyinə mənəvi dəyərlər lazımdır, ya yox?

Təbii ki, heç bir ciddi şəxs, “Bizə mənəvi dəyərlər lazım deyil”, – deməz. Başda prezident İlham Əliyev olmaqla, Azərbaycan xalqı və ziyalıları milli-mənəvi dəyərlərin lazım və vacib olduğunu dəfələrlə vurğulayıb. İkinci olaraq, “əgər lazımdırsa, milli-mənəvi dəyərlər hansılardır?” sualını özümüzə verməliyik. Heç şübhəsiz ki, vətəni sevmək milli-mənəvi dəyərlərin ən üst fövqündə qərarlaşıb.
Yaxşı, bəs necə edək ki, yetişən gənclik vətənpərvər ruhda böyüsün? İstər vətənpərvərlik mövzusunda, istərsə də digər sahələrdə dövlətin təşəbbüsü vacibdir. Çünki maliyyə və mənəvi olaraq hər bir resurs dövlətin əlindədir. Yəni media, sosial şəbəkə, filmlər, seriallarla, mahnılarla, layihələrlə gənclərin vətənpərvər ruhda böyüməsinə, dövlətini və xalqını sevməsinə, milli-mənəvi dəyərləri dərk etməsinə nail olmaq mümkündür.

Həmçinin buna nail olmaq üçün başlıca şərt səmimi mühit yaratmaqdır. Əgər gəncləri vətəni sevməyə çağıran şəxs vətənini sevmirsə, nə qədər maliyyə ayrılsa da, müsbət nəticə görmək qeyri-mümkündür. Ziyalıları, vətəninə bağlı şəxsləri bu kimi işlərə cəlb edərək gənclərin vətənpərvər ruhda böyüməsinə əlverişli zəmin yaratmaq olar”.

Professor Şahlar Əsgərov isə Yenicag.az-a açıqlamasında bildirib ki, dövlətin gənclər siyasətinin əsas hədəfi gənclərin vətənpərvər ruhda yetişməsi, milli mənlik şüurunu dərk etməsidir:

“Bu istiqamətdə dövlətimiz uğurlu addımlarını davam etdirməkdədir. Lakin hər şeyin yüksək səviyyədə olduğunu demək doğru olmaz. Misal olaraq, repetitorluğu götürək. Şagirdlər təhsili məktəbdə, universitetdə – yəni təhsil müəssisəsində almalıdır. Ancaq bir çoxları uşaqların repetitor hazırlığına getməyinə məcburiyyət yaradır. Şagird vətənpərvərliyi, milli mənlik şüurunu təhsil müəssisəsində dərk etməlidir.

Həmçinin televiziyalara, reklamlara düzəliş etmək lazımdır. Qərb dəyərləri birbaşa olaraq milli-mentalitetimizə əksdir. Cırıq şalvarlar, qısa geyimlər əxlaq normalarında müəyyən əskiklər yaradır. Reklam adı altında müxtəlif təbliğatlar aparılır. Dəyərlərimizə sahib çıxmalı, onları qorumalıyıq. Biganəlikdən uzaq durmalıyıq. Qərbin təbliğatları nəticəsində hər bir şeyə biganəlik artıb. Əgər 50 il də gözləsəydik, Qarabağı azad edə bilməzdik. Çünki biganə gənclər: “Mənə torpaq lazım deyil”, – deyəcəkdilər.

Əlavə olaraq, Qərb təbliğatına baxsaq, ailə dəyərlərinin də olmadığını görərik. “Müasir” cəmiyyətlərdə həyat yoldaşı adlanan qavram yoxdur, partnyor var. Bir il biri ilə, o biri il digər şəxslə yaşamaq normal sayılmamalıdır. Türkçülüyün simvolu olan canavarın yaşamına diqqət yetirmək lazımdır. Canavar heç vaxt həyat yoldaşına xəyanət etməz. Qərb təbliğatlarına xüsusi diqqət ayırmaq, mənfi nəticələrə yol aça biləcək, gəncləri milli-mənəvi dəyərlərdən uzaq salacaq proseslərdən onları qorumaq lazımdır”.

Nəsimi Ələsgərli

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusunda hazırlanmışdır.

COP29