Vətən xaininin qürbətdəki SONU: “Ermənilərlə işbirliyi onun xəyanətini daha da dərinləşdirdi” – REAKSİYA

“Məlum hərəkətlərindən sonra onun haqqında yaxşı nəsə demək mümkün deyil”.

Bu fikirləri dekabrın 22-də ölüm xəbəri yayılan separatçı, vaxtilə xalq hərəkatında iştirak etsə də, daha sonra ölkənin parçalanmasına cəhd göstərən Əlikram Hümbətov haqqında danışan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Yenicag.az-a açıqlamasında deyib.

AXP sədrinin fikrincə, ölkədən çıxarıldıqdan sonra Hümbətovun İrəvana səfərləri, ermənilərlə işbirliyinə getməsi və sair işlər onun xəyanətini daha da dərinləşdirdi:

“Mənim mövqeyimə görə, Əlikram Hümbətov Azərbaycan xalqına və dövlətinə qarşı xəyanətə yol vermiş bir adamdır. Qarabağın işğaldan azad edilməsi uğrunda aparılan Vətən müharibəsində iştirak və verilən şəhidlər talış xalqının Hümbətovun yaratmağa çalışdığı nifaq cəhdlərinə ən tutarlı cavabı oldu. Sübut edildi ki, vətəni Azərbaycan olan bütün xalqların hamısı bir bütövün tərkib hissələridir və onların vahid dövləti var.

Vətəndaşlıqdan və ölkədən çıxarıldıqdan sonra Hümbətovun İrəvana səfərləri, ermənilərlə işbirliyinə getməsi və sair işlər onun xəyanətini daha da dərinləşdirdi. Doğrudur, ölənin arxasınca danışmaq bizim xalqın adət-ənənəsinə uyğun deyil, ancaq məlum hərəkətlərindən sonra onun haqqında yaxşı nəsə demək mümkün deyil. Allah günahlarından keçsin”.

A.Zeynalov